Dənizi xilas etmək üçün su diplomatiyası başlanmalıdır – ALTUAL
https://azeri.sahartv.ir/news/İran-i402581-dənizi_xilas_etmək_üçün_su_diplomatiyası_başlanmalıdır_altual
Xəzər dənizində suyun səviyyəsinin tədricən aşağı düşməsi bu hövzədə su diplomatiyasının zərurətini ortaya çıxarıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Avq 13, 2023 10:26 Asia/Baku
  • Dənizi xilas etmək üçün su diplomatiyası başlanmalıdır – ALTUAL

Xəzər dənizində suyun səviyyəsinin tədricən aşağı düşməsi bu hövzədə su diplomatiyasının zərurətini ortaya çıxarıb.

Mütəxəssislərin fikrincə, İranın şimalındakı sahil şəhərlərində Xəzər dənizinin suyunun həcmində görünməmiş azalma və geriləmə son onilliklərdə başlayıb və bu tendensiya davam edərsə, regionun turizm infrastrukturları, limanları və iqtisadi imkanları bu fenomendən təsirlənəcək. Ekspertlər hesab edirlər ki, bu problemdən yeganə çıxış yolu kollektiv müdriklik və digər Xəzəryanı ölkələrin bu işə qoşulması üçün su diplomatiyasının aktivləşdirilməsidir.

İRNA müxbirinin verdiyi məlumata görə, statistikaya əsasən, son 4 ildə Xəzər dənizinin səviyyəsi təxminən 38 sm azalıb. Xəzər Dənizinin Araşdırmaları və Tədqiqatları Milli Mərkəzinin ekspertləri tərəfindən aparılan araşdırmalar göstərir ki, 1990-cı illərdən Xəzərin suyunun səviyyəsinin 170 santimetr aşağı düşməsi nəticəsində dənizin belə nəzərəçarpacaq səviyyədə geri çəkilməsi şimal sahillərində, xüsusən Mazandaranın qərbində sahil zonasının böyük bir sahəsinin artmasına səbəb olub.

2017-ci ildə aparılan araşdırmaya əsasən məlum olub ki, 2050-ci ilə qədər Xəzərin suyu azalacaq. Mütəxəssislərin fikrincə, bu reqressiya iqlim dəyişikliyi ilə bağlıdır və bunun artması ehtimalı da vardır. Halbuki, Xəzər dənizinin geri çəkilməsinin təqribən 50%-i oradakı suyun buxarlanma sürəti ilə bağlıdır. Qeyd olunan tendensiya bu sürətlə davam edərsə, Xəzərin Rusiya sahillərinin də daxil olduğu şimal hissəsindəki ərazisinin 20-25%i azalacaq.

Bu tədqiqatların nəticələri göstərir ki, təkcə 2014-2021-ci illərdə Xəzər dənizinin səviyyəsi təxminən 50 santimetr azalmışdır. Bu da dənizin müxtəlif sahillərdə 10 metrdən 100 metrə qədər geri çəkilməsinə səbəb olub.

Bu təbii hadisəyə diqqət etməklə mütəxəssislər vurğulayırlar ki, birinci mərhələdə dəniz dibinin mühafizəsinin vacibliyi nəzərə alınmalı, növbəti addımda isə aidiyyatı orqanlar bu hadisənin fəsadlarına ciddi fikir verməli və onun aradan qaldırılması üçün prinsipial şəkildə layihə hazırlamalıdırlar.

Limanların və naviqasiyanın fəaliyyətinin pozulması, balıqçılıq və balıq ovu, Xəzər dənizi ilə bağlı su ehtiyatlarının quruması, sahilyanı ərazilərin artması Xəzər dənizində suyun geri çəkilməsinin mənfi nəticələrindən hesab olunur.