İran daşqın qurbanları ilə əlaqədar İspaniyaya başsağlığı verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İspaniyada daşqın nəticəsində bir qrup insanın həlak olması ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi İspaniyanın şərq və cənubunda baş verən və çoxlu sayda insanın həlak olması və ya yaralanması ilə nəticələnən şiddətli daşqınlara toxunaraq, İran xalqı adından qurbanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralıların isə tezliklə sağalmasını arzulayıb.
Çərşənbə günü İspaniyanın şərq və cənub bölgələrində son 30 ilin ən şiddətli daşqınları nəqliyyatın və qatarların hərəkətini pozub, yolların və şəhərlərin su basmasına və vətəndaşların itkin düşməsinə səbəb olub. Əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənildiyi üçün qırmızı həyəcan siqnalı verilib.
Məlumata əsasən, İspaniyada iki gün davam edən leysan yağışlar ən azı 95 nəfərin həyatına son qoyub. Minlərlə insan isə çıxılmaz vəziyyətdə qalıb. İspaniya hökuməti ölkədə üç günlük milli matəm elan edib.