İran sionist rejimin Yəmən limanlarına hücumlarını pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin Yəmən limanlarına hücumunu şiddətlə qınayıb və bunu rejimin müharibəni qızışdıran və cinayətkar mahiyyətinin göstəricisi və bölgədəki müsəlman xalqlara qarşı sonsuz cinayətlərinin yeni dalğası kimi dəyərləndirib
İsmayıl Bəqayi sionist rejimin Yəmən mühüm limanlarına hücumuna reaksiyada deyib: "Yəmənin iqtisadi infrastrukturuna və ictimai obyektlərinə, o cümlədən Əl-Hudeydə, Rəəs İsa və Əl-Səlif limanlarına hava hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması olmaqla yanaşı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin bariz nümunəsidir".
O əlavə edib ki, İsrail rejimi Yəmən xalqının mühasirədə olduğu və humanitar sıxıntıların daha da ağırlaşdığı bir şəraitdə belə hücumlar həyata keçirir. Həyati əhəmiyyətli infrastrukturun hədəfə alınması Yəmən xalqını həyat üçün zəruri olan ehtiyaclardan məhrum etməyə yönəlmiş qəddar bir hərəkətdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, ABŞ, İngiltərə və bəzi digər Qərb ölkələrinin İsrailə qeyd-şərtsiz dəstəyi rejimi qanunsuz əməllərində, təcavüzündə, müdafiəsiz fələstinli qadın və uşaqların, indi isə məzlum Yəmən xalqının qətliamında daha da həyasızlaşdırıb. Bu hökumətlər həyata keçirilən cinayətlərdə birbaşa şərikdirlər və dünya ictimai rəyi qarşısında cavab verməlidirlər.
Bəqayi, həmçinin BMT Təhlükəsizlik Şurasının hərəkətsizliyini və sionist rejimin silsilə hücumları qarşısında passiv susqunluğunu qınayıb və deyib ki, bu cür susqunluq bu beynəlxalq qurumun hüquqi və mənəvi qüdrətinin məhv olduğuna dəlalət edir.