İyul 05, 2025 13:16 Asia/Baku
  • Pezeşkian: EKO qonşuluq diplomatiyasının ciddi simvoludur

İran İslam Respublikasının prezidenti bir mesajda vurğulayıb: "İran İslam Respublikası üçün İqtisadi Əməkdaşlıq Təşkilatı EKO qonşuluq diplomatiyasının ciddi simvolu və çoxtərəfli iqtisadi diplomatiyanın ön sıralarındadır.

Prezident Məsud Pezeşkian özünün X səhifəsində yazıb: "EKO-nun 17-ci sammitində region ölkələrinin İran ərazisinə təcavüzə etiraz edərək, sərgilədikləri məsuliyyətli mövqelərinə görə minnətdarlığımı bildirdim.  

"Bizim üçün İqtisadi Əməkdaşlıq Təşkilatı qonşuluq diplomatiyasının ciddi simvoludur və çoxtərəfli iqtisadi diplomatiyanın önündədir. Biz birlikdə 2035-ci ilə qədər ticarət, tranzit, rəqəmsal, turizm və dayanıqlılıq perspektivinə nail ola bilərik", - deyə Pezeşkian əlavə edib.

Qeyd edək ki, Prezident Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) 17-ci Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə cümə günü səhər birgünlük səfərlə Xankəndinə gedib və sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Şehbaz Şərif və Tacikistan prezidenti İmaməli Rəhmanla görüşüb və danışıqlar aparıb.

İran prezidenti həmçinin sammitdə çıxış edərək, sionist rejimin əziz İran xalqına qarşı təcavüzü nəticəsində ağır insan itkilərinə toxunaraq, deyib: İran silahlı qüvvələri bu müharibədə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, İran xalqının, milli suverenliyimizin və ölkəmizin ərazi bütövlüyünün qanuni müdafiəsinə qalxdı, təcavüzkarlara böyük dərs verdi və müharibənin bütün regiona yayılmasının qarşısını aldı.

O əlavə edib: "Mən region ölkələri və İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinə böhran dövründə tutduqları məsuliyyətli mövqelərinə görə təşəkkür edirəm. Bir çox beynəlxalq və regional təşkilatlar, o cümlədən İslam ölkələrinin xarici işlər nazirlərinin iclası sionist rejimin İran İslam Respublikasına hücumlarını pisləyən qəti qərar qəbul edib".

Prezident Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycan Respublikasında keçirilən 17-ci sammitində iştirak etdikdən sonra Tehrana qayıdıb.