İyul 05, 2025 17:34 Asia/Baku
  • Təxte-Rəvançi: İstənilən ehtimala hazırıq

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini "NBC NEWS" kanalı ilə müsahibədə ötən aylarda İran və ABŞ arasında aparılan dolayı danışıqlarla bağlı deyib: "Tehran xoş niyyətlə danışıqlar apardı, amma Vaşinqton pis niyyətlə danışıqlara qatıldı".

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxte-Rəvançi ABŞ-ın NBC kanalına verdiyi müsahibədə deyib: "Diplomatiyanın qapıları hələ də açıqdır. Biz Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığımızı dayandırmışıq və əməkdaşlığın davam etməsi bir sıra məsələlərdən asılıdır".

O, əlavə edib: "Sionist rejimin aşkar təcavüzündən asanlıqla yan keçmək olmaz. İsrail və Amerikanın təcavüzü nəticəsində xalqımız böyük zərər gördü". 

İranın baş diplomatı davamında deyib: "Əsas sual budur; Biz amerikalılara necə etibar edə bilərik? Bu təcavüz İran və ABŞ arasında danışıqların altıncı raundundan iki gün əvvəl baş verdi. Bu diplomatiyaya ən böyük zərbə idi"

"Biz, istənilən ehtimala hazırıq. Xalqımızı və millətimizi qorumaq üçün hər cür tədbir görəcəyik", - deyə Təxte-Rəvançi qeyd edib. 

O, İranın nüvə silahı ilə bağlı mövqeyi haqqında deyib: "Bizim Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı mövqeyimiz dəyişməyib və həmən əvvəlki mövqedir. Biz nüvə silahı əldə etmək istəmirik, çünki bu, müdafiə doktrinamıza və Ali Məqamlı Rəhbəri fətvasına ziddir və nüvə silahının təhlükəsizlik gətirə biləcəyinə də inanmırıq".