Sen 06, 2025 16:50 Asia/Baku
  • İran-İraq əməkdaşlığı daha da nəzərə çarpan olmalıdır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İran və İraq arasındakı əməkdaşlığı strateji xarakterli adlandıraraq, vurğulayıb ki, hazırkı dinamik şəraitdə bu əməkdaşlıqlar daha da hiss olunmalıdır.

Əli Laricani bu gün hazırda Tehranda səfərdə olan İraq Milli Hikmət Hərəkatının lideri Seyid Əmmar Həkimi qəbul edib.

Laricani görüş zamanı İraqı regionun dost, həmməslək və güclü ölkəsi kimi qiymətləndirib.

O, vurğulayıb ki, İran və İraq arasında əməkdaşlıq strateji xarakter daşıyır və mövcud qeyri-sabit və dinamik şərait fonunda bu əməkdaşlıqlar daha nəzərə çarpan olmalıdır.

Seyid Əmmar Həkim də öz növbəsində bildirib ki, İsrailin İrana qarşı hərbi təcavüzü sionist rejimin təsəvvürünün əksinə olaraq,  İranın Qərbi Asiyada qüdrətini artırıb və müsəlmanlar İranın güclü rolunu yüksək qiymətləndiriblər. 

O, əlavə edib: "Bu gün sionist rejimin dırnaqarası "Böyük İsrail" nəzəriyyəsi çərçivəsində şər əməlləri açıq şəkildə İranın bu rejimi xərçəng şişi adlandırmaqda haqlı olduğunu göstərir. Artıq bütün region İsrailin avantürizminə həssas olub".