Yan 19, 2026 17:40 Asia/Baku
  • İranın Azərbaycandakı səfirliyi Bakı mediasının sorğusuna cavab verib

İranın Bakıdakı səfirliyi ölkədəki son hadisələrlə bağlı yaydığı bəyanatda bildirib ki, İran İslam Respublikası xalqın dinc etiraz etmək və qanuni tələblər irəli sürmək hüququnu tanıyır və xüsusilə dinc aksiyalar zamanı vətəndaşların hüquq və azadlıqlarının, həmçinin insanların can və malının, ictimai əmlakın və milli nizamın qorunmasına tam sadiqdir.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bu ölkənin mediasının iqtisadi tələblərlə başlayan, lakin ABŞ və İsrailin açıq və birbaşa təhriki ilə zorakılığa çevrilən etirazlarla bağlı suallarına cavab olaraq açıqlama yayıb.

Bəyanata əsasən, birinci mərhələdə, yəni dekabrın 28-dən 31-dək etirazlar tamamilə dinc və məhdud şəkildə bazar və bəzi peşə qrupları səviyyəsində keçirilib. Bu mərhələdə prezident şəxsən etirazçıların nümayəndələri ilə görüşərək onların tələblərinin həyata keçirilməsi yollarını müzakirə edib və nazirlərə, eləcə də qubernatorlara peşə birlikləri və iqtisadi fəallarla dialoq aparmaq tapşırılıb.

İkinci mərhələdə, yəni yanvarın 1-dən 7-dək zorakı, lakin silahsız etirazlar baş verib. Bu mərhələdə bəzi qruplar peşə sahiblərinin qanuni tələblərindən sui‑istifadə etməyə çalışaraq kütlənin arasına qarışıb və zorakılıq törədiblər. Təhlükəsizlik qüvvələri isə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün maksimum təmkin göstərib və vəziyyət tam nəzarət altında olub. Bu cür hadisələr digər ölkələrin təcrübəsində də müşahidə olunduğu qeyd edilib.

Üçüncü mərhələdə 8-10 yanvar tarixlərində silahlı zorakılıq və terror xarakterli hücumlar baş verib. Bu mərhələdə terrorçu və silahlı qruplar dinc etirazları öz yolundan çıxararaq polis və mülki şəxslərə qarşı odlu və soyuq silahlardan istifadə ediblər. ABŞ və İsrail tərəfindən koordinasiya olunan təxribatçı fəaliyyətləri sübut edən video və sənədlərin mövcud olduğu bildirilib. Bu silahlı qruplar xaos yaratmaq və İsrail və ABŞ-ın İrana qarşı 12 günlük hərbi təcavüz siyasətini davam etdirmək məqsədilə küçələrə çıxaraq, ciddi cinayətlər törədiblər.

Səfirliyin bəyanatında qeyd olunur ki, dördüncü mərhələdə yəni 10 yanvardan sonra təhlükəsizlik qüvvələri vəziyyətə tam nəzarəti bərpa etmək, terrorçuların vətəndaşlara və şəhərin infrastrukturlarına zərər vurmasının qarşısını almaq və onların planlarını zərərsizləşdirmək üçün əməliyyatlara başlayıb. Nəticədə çox sayda silahlı terrorçu tutulub və ölkədə tam nizam bərpa olunub.

Hadisələr zamanı çoxlu sayda ictimai obyekt, dövlət binaları və polis məntəqələri yandırılıb. Şəxsi evlər və mənzillər hədəfə alınıb və bəzi şəhərlərdə təxminən 200 ticarət mərkəzi yandırılıb. Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki hücum və yandırılma ilə hədələnib. 53 yanğınsöndürən maşını və 180 təcili yardım avtomobili yandırılıb və yalnız paytaxtda 26 bank şöbəsi və 25 məscid dağıdılıb və yandırılıb.

Ümumilikdə ölkə üzrə 53 məscidin yandırıldığı bildirilib. Yaralıları xəstəxanaya çatdırmağa çalışan mülki şəxslərə bəzi adamlar “kömək etmək” adı ilə yaxınlaşıb, lakin az sonra həmin yaralılardan 11 nəfərini yaxın məsafədən öldürüblər. Bundan əlavə, silahlı terrorçulardan 1300-dən çox odlu silah və sursat ələ keçirilib, - deyə İranın Azərbaycandakı səfirliyinin bəyanatında qeyd edilib.