İtkin düşən Azərbaycan hərbçilərinin taleyi naməlum olaraq qalır
https://azeri.sahartv.ir/news/azərbaycan-i195137-İtkin_düşən_azərbaycan_hərbçilərinin_taleyi_naməlum_olaraq_qalır
Azərbaycan Silahlı Qüvvələrinin ötən gün itkin düşmüş iki hərbçisinin taleyinə aydınlıq gətirmək üzrə səylər davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2015 09:57 Asia/Baku
  • İtkin düşən Azərbaycan hərbçilərinin taleyi naməlum olaraq qalır
    İtkin düşən Azərbaycan hərbçilərinin taleyi naməlum olaraq qalır

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün itkin düşmüş iki hərbçisinin taleyinə aydınlıq gətirmək üzrə səylər davam edir.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadla verdiyi məlumata görə, Azərbaycan tərəfi artıq iki hərbçisinin itkin düşməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət edib.

Komitənin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, BQXK neytral vasitəçi olaraq tərəflərlə həmin şəxslərin taleyinə aydınlıq gətirmək üçün dialoq aparır.

Bu arada Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə keçmədiyini bildirib.

“İstisna etmirik ki, Azərbaycan hərbçiləri yolu azıblar. Bu, Qırmızı Xaç Komitəsinin Yerevan ofisinin bəyanatından da bəlli olur. Onlar bizə müraciət edərək Tavuş vilayətinin Vazaşen kəndi ərazisində, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə üzbəüz zolaqdan minaya düşdükləri ehtimal olunan 2 Azərbaycan hərbçisinin meyitlərinin çıxarılması üçün təminat istədilər. Belə bir təminat dərhal verildi. Bildiririk ki, Azərbaycandan heç bir hərbçi bizim tərəfə keçməyib”, - deyə A. Ovannisyan söyləyib.

Qeyd edək ki, ötən gün Azərbaycan Müdafiə Nazirliyi iki hərbçinin itkin düşməsi barədə məlumat yayıb. Məlumata görə, iyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində, qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.