Avq 22, 2015 09:36 Asia/Baku
  • Polis bölməsində ölən vətəndaşın atası: Hadisənin obyektiv araşdırılmasını tələb edirik
    Polis bölməsində ölən vətəndaşın atası: Hadisənin obyektiv araşdırılmasını tələb edirik

Cümə günü şübhəli şəxs qismində saxlanılaraq dindirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinə aparılan və daha sonra ölüm xəbəri yayılan, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlunun yaxınları hadisənin düzgün araşdırılmasını tələb edirlər.

Mərhumun atası Hacıyev Dilsuz Qədir oğlu deyib ki, polis əməkdaşları Bəhruz Hacıyevi və daha bir nəfər həmkəndlisini narkotikdən istifadə etməkdə şübhəli şəxs kimi saxlayıblar.
Sonra Bəhruz Hacıyevdən bir xəbər gəlməyib. Valideynlərin təkidindən sonra onlara Bəhruz Hacıyevin şöbənin inzibati binasının 3-cü mərtəbəsindən özünü yerə ataraq intihar etdiyi bildirilib.

Bundan sonra mərhumun qohumları Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə gediblər və orda meyitin yarılaraq tikildiyini görüblər.

“Biz ekspertiza rəyinin düzgün verilməsini, hadisənin obyektiv araşdırılmasını tələb edirik. Bu hadisədə təqsirkar olan şəxslərin cəzalandırlmasından başqa bir tələbimiz, niyyətimiz yoxdur” deyə mərhumun atası bildirib.

Dilsuz Hacıyev bildirib ki, o, bu məsələnin sakit şəkildə, qanun çərçivəsində araşdırılmasını istəyir:

“Biz daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığı ilə hadisənin düzgün araşdırılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə gəlmiş vəzifəli şəxslərlə də görüşdük. Onlar bizi əmin etdilər ki, bu hadisə ədalətli şəkildə düzgün araşdırılacaq və ədalətli qərar veriləcək”

Qeyd edək ki, avqustun 20-də axşam saatlarında Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Hacıyev Bəhruz Dilsuz oğlu dindirilmək üçün Mingəçevir Şəhər Polis Şöbəsinə çağırılıb.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, avqustun 20-də Mingəçevir şəhər sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib: “İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən Bəhruz Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və nəticədə hadisə yerindəcə keçinib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib”.

Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi başlanıb.

“İstintaqın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək” deyə Ehsan Zahidov qeyd edib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da Mingəçevir şəhər Prokurorluğu ilə əlaqə saxlayıb, hadisə ilə maraqlandığını deyib.

Teqlər