Mingəçevir hadisələrinə görə polis əməkdaşı həbs edildi
Avq 25, 2015 08:57 Asia/Baku
Bir neçə gün əvvəl Mingəçevirdə baş verən hadisələrə görə şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin sabiq əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadə həbs edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.Xidmət rəhbərinin sözlərinə görə, Ş.Şahlarzadə cinayət məcəlləsinin iki maddəsi üzrə- 125 (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılır.
Qeyd edək ki, avqust ayının 20-də Mingəçevir şəhər Polis İdarəsində narkotik maddələrdən istifadəyə görə saxlanılan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyev özünü 3-cü mərtəbən atmışdı.
Hadisədən sonra Mingəçevir şəhərində yüzlərlə insan küçələrə axışaraq, polislə aralarında iğtişaşlar baş vermişdi.
Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəylə bağlı bəyanat vermişdi. Həmin bəyanatda: “Orqanın cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq, Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsinin ağır nəticəyə səbəb olduğu qeyd edilirdi.”