Azərbaycan parlament seçkiləri beynəlxalq müşahidəçilərin nöqteyi-nəzərində - Yenilənmişdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i199156-azərbaycan_parlament_seçkiləri_beynəlxalq_müşahidəçilərin_nöqteyi_nəzərində_yenilənmişdir
Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin qanunauyğun şəkildə keçirildiyini, hansısa qanun pozuntusunun müşahidə edilmədiyini bildirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2015 13:43 Asia/Baku
  • Azərbaycan parlament seçkiləri beynəlxalq müşahidəçilərin nöqteyi-nəzərində
    Azərbaycan parlament seçkiləri beynəlxalq müşahidəçilərin nöqteyi-nəzərində

Beynəlxalq müşahidəçilər Azərbaycanda parlament seçkilərinin qanunauyğun şəkildə keçirildiyini, hansısa qanun pozuntusunun müşahidə edilmədiyini bildirirlər.

AŞPA Müşahidə Missiyasının rəhbəri parlament seçkilərinin gedişində hansısa çatışmazlıqla qarşılaşmadığını bildirib.

“Şəxsi nöqteyi-nəzərdən deyə bilərəm ki, indiyədək müsbət atmosfer müşahidə olunur və heç bir çatışmazlıqla qarşılaşmamışıq”.

APA-nın məlumaına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının rəhbəri Jordi Çukla bildirib.

J. Çukla deyib ki, AŞPA müşahidə missiyasının sayı məhdud olduğuna görə əllərindən gələni etməyə çalışırlar: “Biz yerlərdə vəziyyəti öyrənmək üçün bütün gün Mərkəzi Seçki Komissiyası və ölkə üzrə paylanan komandalarımızla əlaqə saxlayacağıq. Paytaxtdan kənar bir neçə komandamız var. Biz 32 müşahidəçidən ibarət komandayıq”.

52 saylı Quba seçki məntəqəsinin 15 saylı seçki məntəqəsində müşahidə aparan almaniyalı müşahidəçi Qabriela Habsburq da seçkilərlə bağlı müşahidələrinə belə aydınlıq gətirib: “Biz indiyədək üç seçki məntəqəsində müşahidə aparmışıq, gördüklərimizdən razıyıq”.

52 saylı Quba seçki məntəqəsinin 5 saylı seçki məntəqəsində seçkiləri izləyən MDB PA müşahidə missiyasının üzvü Firuddin Rəcəbov isə deyib: “Seçkilər yaxşı təşkil olunub və qanunvericiliyə uyğun keçirilir”.

Seçki məntəqələrində müxtəlif siyasi təşkilatları təmsil edən müşahidəçilərlə görüşdüyünü deyən rusiyalı müşahidəçi bildirib ki, onlar seçkilərdə hər hansı müdaxilənin olmadığını deyiblər. F. Rəcəbovun sözlərinə görə, insanlar seçkiyə gəlir və istədikləri namizədə heç bir təzyiq olmadan səs verirlər.

TürkPA müşahidə missiyasının rəhbəri Serijkan Kanayev də seçkilərin qanunauyğun şəkildə keçirildiyini bildirib: "İndiyədək gördüklərimiz seçkilərin açıq, şəffaf keçdiyini deməyə əsas verir".

Onun sözlərinə görə, TürkPA seçkilərdə hələlik heç bir qanun pozuntusu müşahidə etməyib.

"İki saat ərzində apardığımız müşahidələr nəticəsində seçici fəallığının şahidi olmuşuq", - deyə S. Kanayev bildirib.

Estoniyalı müşahidəçi Uno Silberq seçkilərlə bağlı fikirlərini belə açıqlaıb: “Bu seçki Azərbaycan üçün çox önəmlidir. Biz bu prosesi yaxından izləyirik. Hesab edirəm ki, seçki prosesi kifayət qədər yaxşı təşkil olunub”.

Seçici fəallığının kifayət qədər yüksək olduğunu bildirən müşahidəçi bildirib ki, ünsiyyətdə olduğu seçicilərin əksəriyyəti seçki kampaniyasının ədalətli təşkil edildiyini bildirib. O qeyd edib ki, müxtəlif siyasətçilər bu prosesdə bərabər rəqabət aparırlar.

Azərbaycanda parlament seçkilərini müşahidə edən amerikalı müşahidəçi Kristofer Bado da deyib: “Azərbaycanda hamının məmnuniyyətlə seçkidə iştirak etdiyi müşahidə olunur”.

Kristofer Bado daha sonra seçki prosesinin yaxşı təşkil olunduğunu qeyd edib: “Seçki qutularının mühafizəsi yaxşı təşkil edilib, qeydiyyat-yoxlama prosesi təkrar səsvermənin qarşısını almaq üçün effektivdir. Seçicilərin bəzi yerlərdə nisbətən az, bəzi yerlərdə nisbətən çox iştirak etdiyini müşahidə etdik. Ümumiyyətlə isə seçicilərin məntəqələrə davamlı gəldiyi hiss olunur”.

Belçikalı müşahidəçi Hubrext Andre isə gün ərzində 12 seçki məntəqəsinə baş çəkdiyini bildirib: “Bir məntəqədə açılış prosesində iştirak etdim. Hər şey yaxşı təşkil olunmuşdu. Günün əvvəlində nisbətən az seçici olsa da, günün qalan hissəsində seçicilərin intensiv iştirakını müşahidə etdim, bəzi məntəqələrdə isə izdihama çevrilməsinin şahidi oldum”.

Xorvatiyadan olan seçki müşahidəçisi, deputat Sabiç Mirza isə insanlarda seçkiyə kifayət qədər maraq olduğunu deyib. O bildirib ki, məntəqələrdəki müşahidəçilər qaydalara riayət edirlər: “Ümumilikdə hər şey normaldır. Bu, mənim Bakıya ilk səfərimdir. Biz 6 məntəqəyə baş çəkmişik. Hər şey yaxşıdır, insanlar gəlir, seçki prosesi qaydasında davam edir. Mən burada olmağımdan çox şadam”.

46 saylı Şirvan seçki dairəsinin ərazisində seçkiləri Avropa İttifaqının müşahidəçiləri – litvalı Povelas Jaqunisla Virginijus Siksnis və MDB müşahidə missiyasının üzvü Qalina Valeyeva müşahidə ediblər.

Günorta saatlarınadək Avropa İttifaqının müşahidəçiləri 6 məntəqədə, MDB müşahidə missiyasının üzvü isə 10 məntəqədə olub. Müşahidəçilər seçkilərin normal keçdiyini və pozuntu hallarının olmadığını bildiriblər. Onlar həmçinin seçkilərin yaxşı təşkil olunduğunu və seçici fəallığının yüksək olduğunu qeyd ediblər.