Dek 07, 2015 19:57 Asia/Baku
  • Nardaranda işıqlar yanmadı!
    Nardaranda işıqlar yanmadı!

Bakını Nardaran qəsəbəsinə polisin basqınından 10 gün keçir.

Bakı mətbuatı xəbər verir ki, daxili qoşunlar qəsəbədə tam nəzarəti ələ keçirsələr də, gərginlik qalır.

Qəsəbəyə qaz, elektrik enerjisi hələ də verilməyib. Axtarışlar davam edir, yenə saxlananlar var. Elə noyabrın 26-dan sonra 30-dan çox kənd sakinin saxlandığı bildirilir.

İndi rəsmi təbliğatda bu hadisələrin baş vermə səbəbləri kimi əsasən bir neçə arqument səslənir: «Bu qəsəbə Azərbaycanın qanunları ilə yaşamayıb. Qəsəbədə şəriət qanunları hökm sürüb, yerli hakimiyyət orqanlarına heç bir etimad göstərilməyib. Üstəlik, Nardaranda İran İslam Respublikasının təsiri açıqca hiss olunub və sairə...

Bütün bunlar nə qəsəbənin blokadada qalmasına və ondan öncə qoşunların yeridilməsinə tutarlı əsas deyil. Sonralar göstərilən əsas kimi dəyərləndirilir.

İndi hakimiyyət qurumları başlayıblar faktlar çıxartmağa. Faktlar bu qəbildəndir: Nardarandakı məscidlərdən yalnız biri qeydiyyatdan keçib.

QMİ-nin təşkilati məsələlər şöbəsinin müdiri Hacı Əlirza Qafarov bildirib ki, Nardaran qəsəbəsi üzrə yalnız Cümə məscidi qeydiyyata alınıb və QMİ tərəfindən axund təyin olunub: “Həmin məscidin axundu Hacı Musa Qasımovdur”. Onun sözlərinə görə, qəsəbədəki digər məscidlər - Rəhimə Xanım məscidi, Qulam Əli məscidi, Kiçik məscidi və Ağa məscidində QMİ tərəfindən təyinat olmayıb: “İdarə onların fəaliyyətinə görə heç bir məsuliyyət daşımır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Nardarandakı məscidlərin qeydiyyatdan keçmədiyini demişdi.

Amma maraqlı bir məqam da ortaya çıxıb.

Nardaranda baş verən qanlı toqquşmadan düz 25 gün öncə bütün ölkədə parlament seçkiləri keçirilib. Halbuki, indi aparılan rəsmi təbliğatın əksinə olaraq Nardaran qəsəbəsi də bu prosesdən kənarda qalmayıb. Bu ziddiyyətli məqamı Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlər üzə çıxarır...

Nardaran qəsəbəsi 28 saylı Sabunçu üçüncü seçki dairəsinə düşür. Qəsəbədə 3 məntəqə olub -14, 15 və 27. Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə görə, 14 saylı məntəqədə 547 seçici seçkiyə gəlib. Onların 284-ü Milli Məclisin Aqrar siyasəti daimi komissiyasının sədr müavini Eldar Quliyevə səs verib. Eldar Quliyev bundan əvvəl də 3 dəfə deputat seçilib.

Keçmiş və indiki deputat 15 və 27 saylı məntəqələrdən də seçkiyə qatılan şəxslərin yarıdan çoxunun səsini qazanıb. 15 saylı məntəqədən 315, 27 saylı məntəqədən isə 299 səs alıb.

Ortaya sual çıxır. Nardaran sakinləri Azərbaycan qanunlarını tanımırdılarsa, 2011-ci il iyunun 18-də prezident İlham Əliyevin sərəncamı ilə «Şöhrət» ordeni alan Eldar Quliyevə niyə səs veriblər?

Nardarandan seçkiyə gedənlərin 90 faizə yaxınının hakim kursu müdafiə etdiyi bildirilir.

O ki, qaldı Nardarandan seçilən deputat Eldar Quliyevin mövqeyinə, bu da son dərəcə maraqlıdır. Eldar Quliyev moderator.az saytına müsahibəsində nardaranlıları «xurafatçı» adlandırıb. Üstəlik deputat bildirib ki, nardaranlılara heç bir güzəşt edilməməlidir: «İndi yaranan borclar 2000-ci ildən bu yana olan borclardır. Sual olunur, onlar niyə borclarını ödəməməlidirlər? Dünyanın heç yerində qaz, işıq, su pulsuz verilmir. Mən hesab edirəm ki, nardaranlılara heç bir güzəşt olmalı deyil. Güzəşt etdikcə, onlar bundan sui-istifadə edirlər».- Nardaranda səs qazanan hakimiyyətə bağlı deputat Eldar Quliyev belə deyib.

Teqlər