SOCAR "Günəşli” yatağındakı yanğını söndürə bilmir
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyi "Günəşli” yatağındakı yanğını söndürə bilmirlər, itkin düşənləri də tapmaqda aciz qalıblar.
SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.
APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.
"Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, o cümlədən "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmilər vasitəsilə aparılır. Əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb", - deyə B. Ağarəhimov bildirib.
Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur".