2016-cı ildə Azərbaycanda vergilərin yığılmasında ciddi problemlər olacaq
-
2016-cı ildə Azərbaycanda vergilərin yığılmasında ciddi problemlər olacaq
Gələn il Azərbaycanda vergilərin yığılmasında ciddi böhran gözlənilir.
İslaminsesi.org bildirir ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 1 mlrd. 404 mln. 875 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında bildirilir. Ötən ilin yanvar-noyabr aylarında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 706 mln. 921 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin 11 ayı ərzində şirkətin dövlət büdcəsinə vergi köçürmələri 17,7 faiz azalıb. SOCAR bu ilin noyabrında dövlət büdcəsinə 133 mln. 599 min manat məbləğində vergi ödəyib. 2015-ci ilin yanvar-noyabr aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə ödənişləri isə 126 mln. 606 min manat təşkil edib. Yalnız noyabr ayı üzrə Fonda ödəniş isə 11,189 mln. manat olub. Xatırladaq ki, 2014-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 855 mln. 230 min manat təşkil edib. SOCAR-ın 2015-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan isə 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib. Beləliklə, Vergilər Nazirliyinin topladığı vergi ödəmələrinin 2 milyarda yaxın hissəsi Dövlət Neft Şirkətinin hesabına olub. Məlum olduğu kimi, dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. Belə vəziyyətdə görəsən, gələn il SOCAR-ın vergi ödəmələri hansı həddə olacaq? İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, Dövlət Neft Şirkətinin vergi ödəmələrinin azalması təbii proseslərlə bağlıdır. Yəni bu azalma SOCAR-dan asılı olmayan səbəblərdən – dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından qaynaqlanır. “Nəticədə SOCAR-ın gəlirləri avtomatik şəkildə azalıb. Ölkədə bu tipli problemlər yetərincədir. İqtisadiyyatda vergi ödəmələrinin azalması böhran dövrünün spesifik xüsusiyyətlərindəndir. Gələn il vəziyyətin necə olacağını indidən qəti şəkildə söyləmək mümkün deyil. Çünki bu, bir çox tendensiyalardan asılıdır. Amma bütün hallarda, gələn ilin vergi ödəmələrində çox ciddi problemlərin olacağı qaçılmazdır”, – deyə ekspert vurğulayıb.