Gələn il Azərbaycanda vergilərin yığılmasında ciddi problemlər olacaq
-
2016-cı ildə Azərbaycanda vergilərin yığılmasında ciddi böhran gözlənilir
2016-cı ildə Azərbaycanda vergilərin yığılmasında ciddi böhran gözlənilir.
İslaminsesi informasiya portalı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi saytına istinadla bildirir ki, bu şirkət cari ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 1 mlrd. 404 mln. 875 min manat vergi ödəyib. Ötən ilin yanvar-noyabr aylarında isə SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 706 mln. 921 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin 11 ayı ərzində şirkətin dövlət büdcəsinə vergi köçürmələri 17,7 faiz azalıb. SOCAR bu ilin noyabrında dövlət büdcəsinə 133 mln. 599 min manat məbləğində vergi ödəyib.
Xatırladaq ki, 2014-cü ildə SOCAR-ın dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 855 mln. 230 min manat təşkil edib. SOCAR-ın 2015-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan isə 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib.
2015-ci ilin yanvar-noyabr aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə ödənişləri isə 126 mln. 606 min manat təşkil edib.
Beləliklə, Vergilər Nazirliyinin topladığı vergi ödəmələrinin 2 milyarda yaxın hissəsi Dövlət Neft Şirkətinin hesabına olub. Dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması isə bir sıra nigaranlıqlara səbəb olub.
İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, Dövlət Neft Şirkətinin vergi ödəmələrinin azalması təbii proseslərlə bağlıdır. Yəni bu azalma SOCAR-dan asılı olmayan səbəblərdən – dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından qaynaqlanır. Nəticədə SOCAR-ın gəlirləri avtomatik şəkildə azalıb.
Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılı olduğunu nəzərə aldıqda, dünya bazarında neftin qiyməti ilə bağlı yaranmış vəziyyətin davam edəcəyi təqdirdə, bu ölkə iqtisadiyyatı ciddi problemlərlə üzləşmiş olacaq.
Bildirilir ki, ötən aylar ərzində dünya bazarında neftin qiymətinin azalması nəticəsində Azərbaycanın milli pul vahidi olan manatın 30%-ə qədər dəyər itirməsinin şahidi olmuşuq və bu azalmanın qarşıdan gələn aylar ərzində də davam edəcəyi proqnoz edilir.