"Əlaqələr daxili işlərə qarışmamaq əsasında inkişaf edir”- Hikmət Hacıyev
-
Hikmət Hacıyev
“Azərbaycan və İran arasında əlaqələr bir-birinin daxili işlərinə qarışmamaq əsasında inkişaf edir”.- Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib
Sözçü 21-23 dekabrda Tehran şəhərində təşkil olunacaq növbəti 10-cu iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın toplantısının xüsusi əhəmiyyət kəsb edəcəyini deyib: “Azərbaycan və İran arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq, bərabərhüquqluluq, bir-birinin daxili işlərinə qarışmamaq, dostluq və mehriban qonşuluq prinsiplərinə sadiq olaraq, hər iki ölkə xalqlarının mənafeyi naminə inkişaf edir”.
O bildirib ki, Tehran şəhərində keçiriləcək iclasda iqtisadi-ticarət, neft-qaz, nəqliyyat, energetika, sənaye, səhiyyə, mədəniyyət, turizm, maliyyə, bank işləri, kənd-təsərrüfatı, standartlaşdırma, ətraf mühit, elm-tədqiqat, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq perspektivləri müzakirə ediləcək:
“Prezident İlham Əliyevin 9 aprel 2014-cü ildə İran İslam Respublikasına və İİR-in prezidenti Həsən Ruhaninin 12-13 noyabr 2014-cü ildə Azərbaycana rəsmi səfərləri iki ölkə arasında münasibətlərin inkişafına mühüm təkan verib. Bu baxımdan 6 avqust 2014-cü ildə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın Bakı şəhərində keçirilmiş 9-cu iclası və 21-23 dekabr 2015-ci ildə Tehran şəhərində təşkil olunacaq növbəti 10-cu toplantısı xüsusi əhəmiyyət kəsb edir”.