Mərkəzi Bankın son açıqlaması üçüncü devalvasiyayadan xəbər verir
Manat il ərzində ikinci devalvasiyaya uğradı, üçüncüyə doğru...
Musavat.com-un məlumatına görə, bu il manat 98 faiz dəyər itirdi, 1 dollar 1,55 manat oldu; ekspertlər manatın yenə ucuzlaşacağını bildirir...
"Mərkəzi Bankın son açıqlaması üçüncü devalvasiyayadan xəbər verir",- iqtisadçı ekspert Qubad İbadoğlu ikinci devalvasiya barədə açıqlamanı şərh edərkən belə deyib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək.
"AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək və tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacağ. Bu açıqlama onu göstərir ki, AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçib. Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müışahidə edəcək və lazım gələndə də bazara müdaxilə edəcək. AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir. Lakin, QMB həm zaman və həm iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarın təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər. Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə "yamsılamağa" dəymir. AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks tədqirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik",- deyə ekspert vurğulayıb...
Azərbaycanın milli valyutası olan manat il ərzində ikinci dəfə devalvasiyaya uğrayıb. Fevralda dəyərini 34 faiz itirən manat dekabrın 21-də yenidən 47 faiz itirib. Mərkəzi Bank yaydığı bəyanatda bunu daha çox neftin qiymətinin enməsi ilə bağlayıb: “Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib”.
Bildirilib ki, üzən məzənnə rejiminə keçilməsi barədə qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Qeyd edək ki, manatın son on ay ərzində ümumi devalvasiyası 98 faiz təşkil edib. Ekspertlərin fikrincə, neftin qiyməti azalmağa davam edərsə, manatın məzənnəsi düşəcək. Neftin qiymətinin 25 dollara qədər azalması gözlənilir ki, bu halda dolların Azərbaycanda məzənnəsinin 2 AZN/USD-yə yaxınlaşması mümkündür. Ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi Mərkəzi Bankın sərəncamında olan ehtiyatların manat ekvivalentində 48 faiz və ya 3 milyard 145 milyon 272,160 min manat artmasına gətirib çıxarıb.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı açıqlamasında bildirib ki, manatın məzənnəsinin yaxın müddətdə yenidən düşəcəyi gözləniləndir: “Problem devalvasiyanın özündə deyil. Problem devalvasiyaya gətirib çıxarmadadır ki, heç bir tədbir görülmədi. Hələ apreldə Elman Rüstəmovu növbəti, 5-ci dəfə Mərkəzi Bankın sədri təyin edəndə demişdim: Bu təyinat o deməkdir ki, o, növbəti devalvasiyanı da həyata keçirəcək. Elman Rüstəmov fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etmədi, əksinə, bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi. Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı. Həm fevral devalvasiyasından sonra demişdim, həm də bugünkü devalvasiyadan sonra deyirəm: devalvasiya qaçılmaz idi və ilk növbədə Azərbaycandan asılı olmayan faktorların nəticəsidir. Bu il ərzində əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri deyil, sıravi əmanətçilər olacaq. Buna görə də üzümü ilk növbədə əmanətçilərə tuturam: Sonra deməyin ki, sizi xəbərdar etməmişdilər, ehtiyatlı olun, pulunuzu kimə etibar etməyinizin fərqində olun. Lakin ən ağır vəziyyətdə təbii ki, kredit təşkilatlarına dollar borcu olanlardır. Onların borcu daha da artdı. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: Banklar əhaliyə güzəştə getmədi. Ümumiyyətlə, heç nə edilmədi. Çünki Azərbaycanda faktiki olaraq Mərkəzi Bank və bank nəzarəti yoxdur. Banklar bundan sonra borclulara qarşı daha da azğınlaşacaq. Borclular haqlarını tələb etməlidirlər”.
Ekspert Samir Əliyev isə qeyd edib ki, üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq: “Açıqlamalarda qeyd etmişdik ki, hökumət valyuta ehtiyatlarını qoruyacaq və uzağı 5 milyard dollara qədər əriməsinə imkan verəcək. Son məlumatlara əsasən Mərkəzi Bankın ehtiyatı 5,5 milyard dollardan da aşağı düşmüşdü. Belə təzyiq altında ehtiyatlar çox davam gətirə bilməzdi. FED uçot dərəcələrini qaldıranda bunun birbaşa təsirinin olmayacağını, ancaq hökumətin qərarını tezləşdirəcəyini qeyd etmişdik. Hər bir halda insanları aylarla üzən hadisə baş verdi. Qazaxıstan və Rusiya təcrübəsi göstərdi ki, üzən məzənnəyə keçid özündə ilk növbədə kəskin ucuzlaşmanı göstərir. Biz də fərqli ssenari olmadı. Ancaq Rusiya və Qazaxıstan iqtisadiyyatları ilə müqayisədə zəif inkişaf etmiş Azərbaycanda bunun fəsadları da ağır olmalı idi və olacaq da. Mərkəzi Bank fevral devalvasiyasından sonra manatın tədricən yumşaldılması siyasətini həyata keçirməli idi. Ancaq bunu etmək əvəzinə yenidən manata süni nəfəs verməyə çalışdı. Nəticəsi artıq bəllidir. Əgər manatın məzənnəsi tədricən ucuzlaşdırılsaydı, indi kəskin devalvasiyaya ehtiyac qalmazdı. Üzən məzənnəyə keçid manatın dünya bazarlarındakı proseslərə həssaslığını artıracaq. Neft ucuzlaşdıqca, dollar bahalaşdıqca, manatın ucuzlaşmasını müşahidə edəcəyik. Ancaq bu, tam üzən məzənnə olmayacaq. Mərkəzi Bank ehtiyatları hesabına imkan daxilində manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Hər bir halda sabit məzənnə dövrü bitdi. Manatın avroya nəzərən məzənnəsi necə dəyişirdisə, dollara nəzərən məzənnəsi də eyni qaydada dəyişəcək”.
Ekspertin sözlərinə görə, bu, manatın ucuzlaşmasının son həddi deyil: “Bundan sonra da proses davam edəcək. Ola bilsin müəyyən zaman kəsiyində manatın bahalaşması baş versin. Ancaq bu müvəqqəti xarakter daşıyacaq. Əsas tendensiya ucuzlaşma istiqamətində olacaq. Hökumət əhalini, Mərkəzi Bank isə bankları qorumalıdır. Banklar bu prosesdən zərbə alacaqlar. Bunun neqativ təsiri gələn ilin yaz aylarından başlayaraq hiss olunmağa başlayacaq. Bazarı tərk edən bankların sayı artacaq. Problemli kreditlər artacaq, əhalinin kredit ödənişində ləngimələr genişlənəcək. Bank sektorunda ixtisarlar daha geniş vüsət alacaq. Əsas problem inflyasiya olacaq. Hökumət yenə də inzibati yolla qiymət artımının qarşısını almağa başlayacaq. Ancaq bu, çox çəkməyəcək. Qiymətlər artacaq. Ona görə hökumət devalvasiyanın təsirlərini minimuma endirmək üçün təcili gömrük rejimini yumşaltmaq barədə düşünməlidir. Bu sferada inhisar aradan qalxmalıdır”.
Ekspert Oqtay Haqverdiyev isə bildirib ki, Azərbaycanın üzən məzənnəyə keçməsi dünya valyuta bazarında gedən proseslərdən irəli gələn məcburi tədbirdir: “Bizim indi gördüyümüz- bu, manatın real məzənnəsidir. Azərbaycan Mərkəzi Bankının hazırkı addımını manatın real qiymətinə tərəf hərəkətin başlaması kimi qiymətləndirmək olar. Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində də axarlı şəkildə davam edəcək. Mənim ekspert qiymətləndirmələrimə görə, dolların real məzənnəsi 3 manatdan 5 manatadək təşkil edə bilər”. Ekspert Mərkəzi Bankın bu addımını məcburi adlandırıb: “Əgər dünya valyuta bazarında baş verən proseslər olmasa idi, heç nəyi dəyişmək lazım gəlməzdi. Lakin Azərbaycan xarici ticarətini dollarla apardığı üçün bu addım məcburi şəkildə atılıb. Üzən məzənnəyə keçidin məqsədi AMB-nin ehtiyatlarının bərpası deyil. Ehtiyatlar onun üçün yaradılır ki, belə fors-major hallarda vəziyyətdən çıxmağa imkan versin. Lakin iqtisadi elm baxımından istənilən milli valyuta buraxılmalıdır. Onun real qiymətini valyuta bazarında tələb və təklif prinsipi müəyyənləşdirməlidir. Belə vəziyyətdə iqtisadiyyat da ahəngdar inkişaf edir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, Mərkəzi Bank bu qərarı çoxdan verməli idi. “Bununla da yumşaq devalvasiyanın tənzimlənən prinsipinin tətbiqi həyata keçiriləcək. Mərkəzi Bankın valyuta ehtiyatları tükənmək üzrədir. Bu azalma davam etməkdədir və uzun müddət davam edə bilməzdi. Qonşu ölkələrdə valyutalar dəyərdən düşür, biz isə ehtiyatlardan istifadə edərək manatın məzənnəsini qoruyub saxlayırdıq. Ona görə də üzən məzənnə siyasətinə keçmək mütləq idi. Manat gec-tez öz dəyərini almalıdır. Hansı səviyyədə qərarlaşacaq, onu zaman göstərəcək”,- deyə, ekspert modern.az-a qeyd edib. Onun sözlərinə görə, manat ucuzlaşmaqda davam edəcək: “Rəqəmləri söyləmək düzgün olmaz, amma proses gedəcək. Bütün bunlar isə neftin dünya bazarlarındakı qiymətlərindən asılı olaraq tənzimlənəcək. Azalmalar davam edəcəksə, bu yaxşı heç nə vəd etməyəcək. Əksinə, neftin qiyməti qalxarsa, baxmayaraq ki, bu da inandırıcı deyil, o zaman problem müəyyən qədər həll oluna bilər”. Deputat manatı rubl qədər olmasa da, çətin günlər gözlədiyini deyib.
Ekspert Vüqar Bayramov isə deyib ki, manatın məzənnəsinin aşağı düşməsinin mənfi təsirinin azaldılması üçün əmək haqlarının indeksasiyası vacibdir. Onun sözlərinə görə, məzənnənin aşağı düşməsinin sosial təsirlərinin minimallaşdırılmasına ciddi ehtiyac var: “”Bu baxımdan təbii ki, həm əmək haqqı, həm də əmanət indeksasiyası olmalıdır. Mənfi təsirlərin aradan qaldırılmasına çalışılmalıdır". Ekspert bildirib ki, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlı yeni mexanizmlərin işlənməsinə də ehtiyac var: “Çünki dollarla götürülən kreditlərin qaytarılmasında problemlərin olacağı gözlənilir”.
Ekspertin sözlərinə görə, növbəti dəfə manatın məzənnəsinin dəyişməsi birbaşa neftin qiymətindən asılı olacaq, neftin qiymətində azalmalar olarsa, manatın məzənnəsində də azalma olacaq. Onun sözlərinə görə, manatın məzənnəsinin azalması prosesi artıq ölkənin tədiyyə balansından asılı olaraq dəyişəcək: “Məzənnə birbaşa neftin qiymətindən və Mərkəzi Bankın bazara hansı səviyyədə müdaxilə etməsindən asılı olacaq. Əgər Mərkəzi Bank bazara müdaxiləni minimallaşdırsa, məzənnədə daha çox azalmalar müşahidə edilə bilər. Amma Mərkəzi Bank bazarda qalıb kursa müəyyən qədər təsir göstərməyə çalışsa, o zaman təbii ki, bu, manatın məzənnəsinin kəskin azalmasının qarşısını ala bilər. Manatın məzənnəsinin növbəti dəyişməsi birbaşa artıq Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq”.