Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi
-
Manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi
Azərbaycan Respublikası prezidenti deyib: "Neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur"
"Dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq Azərbaycan inkişaf edir. Lakin neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə təsir edib".
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında deyib.
"Neft gəlirlərinin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir edib. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. İl ərzində çalışırdıq ki, maksimum dərəcədə bunun qarşısını alaq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. 50 dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlandıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. ABŞ-da dollarla bağlı qəbul edilən son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Digər geosiyasi amillər də var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayır, templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə aşağı düşsün. Şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir", - Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan prezidenti bildirib: Süni bahalaşmaya yol verənlərə qarşı cəza tədbirləri görüləcək, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. Azərbaycan hökumətinin qarşısında makro-iqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın minimal səviyyədə olması, ölkədə istehsal olunan ərzaq məhsullarının və tikinti materiallarının yanacağın qiymətlərinin sabit saxlanılması ilə bağlı vəzifələr qoyulub.
“Çalışacağıq ki, qaçılmaz qərarın fəsadlarını azaldaq. Süni bahalaşmaya yol verənlərə, möhtərikliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcək. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lisenziyalarla bağlı ciddi qərarlar qəbul olunub. İqtisadiyyat, maliyyə sektorunda daha ciddi islahatlar aparılacaq. İnhisarçılığa qarşı mübarizə tədbirləri görüləcək. Gömrük və vergi sistemində maksimum şəffaflıq təmin ediləcək”, - İlham Əliyev əlavə edib.