Nardaranda bir nəfər də həbs olunub
Dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətində olan Nardaranda növbəti əməliyyat keçirilib.
Yeni Müsavat qəzeti xəbər verir ki, noyabrın 26-da 2 polis və 4 dindarın ölümü ilə nəticələnən silahlı qarşıdurmaya görə növbəti əməliyyat reallaşdırılıb.
Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin birgə keçirdikləri əməliyyat zamanı mülki öhdəliklərin icrasından yayındığına görə axtarışda olan 1979-cu il təvəllüdlü Rəşid Babayev tutulub.
Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov musavat.com-a açıqlamasında bildirib ki, kənddə əməliyyatlar hər gün davam edir: “Daxili Qoşunlar və polis əvvəlki kimi kəndi nəzarətdə saxlayır. İmam Hüseyn meydanına giriş yoxdur. Kəndə kənar şəxslərin gəlməsi də qadağandır. Polis bölməsinin tikintisi də artıq yekunlaşıb. Bizim qonşumuzu da dünən polis aparmışdı. Bu hadisələrlə bağlı sorğu-sual edib, axşam buraxdılar. Ancaq saxlanılanların əksəriyyətindən xəbərimiz yoxdur”.
N.Kərimov evlərə elektrik enerjisinin və təbii qazın verilməsi üçün görülən işlərin davam etdirildiyini də bildirdi: “Əksər evlərə işıq veriblər. Amma qaz hələ ki, çox az bir hissəyə verilib. İşlər davam edir. Yəqin ki, bütün evlər işıq və qazla təmin olunacaq. Bunu həmişə deyirəm ki, əsas problemlərdən biri hazırda işsizlikdir. Əksər evlər işıq pulunu ödəyə bilmədiyi üçün yandırmır. Yəqin ki, bu işsizlik probleminə də bir əncam çəkilər”.
Kənd ağsaqqalı deyir ki, rəsmi açıqlama verilmədiyindən saxlanılanların sayından və onların taleyindən xəbərsizdirlər: “Təximini 70 nəfərə yaxın adamın saxlanıldığını və onlardan bəzilərinə həbs verildiyini bilirik. Amma çoxundan xəbər yoxdur. Ombudsmana da müraciət etmişik. Amma hələ də bir xəbər ala bilmirik”.