Azərbaycan R. XİN-dən “LifeNews” jurnalistinin Qarabağ səfərinə sərt reaksiya
-
Azərbaycan R. XİN-dən “LifeNews” jurnalistinin Qarabağ səfərinə sərt reaksiya
Rusiyanın “LifeNews” telekanalı tərəfindən təxribatçı məqsədlərlə Azərbaycana qarşı qərəz, yalan və böhtana əsaslanan davamlı redaksiya siyasəti yürüdülür. 8 yanvar 2016-ci il tarixində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim haqqında efirə getmiş veriliş kanalın bu qəbildən olan növbəti təxribatçılıq cəhdidir.
Bu barədə FaktXəbər-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilmiş müvafiq xəbərdarlığa da məhəl qoymayaraq, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər edən “LifeNews” telekanalının çəkiliş qrupu Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, köklü səbəblərini, Ermənistanın Azərbaycana qarşı təcavüzünü və bir milyondan artıq azərbaycanlının kütləvi şəkildə etnik təmizləməyə məruz qalmasını məqsədyönlü şəkildə təhrif edir:
“Rusiya Federasiyasının hüquq və informasiya məkanında fəaliyyət göstərən “LifeNews” separatizm və ekstremizmi təşviq etməklə və Ermənistan-Azərbaycan münaqişəsinə dini çalarlar verməklə, ilk növbədə Rusiyanın müvafiq qanunlarının müddəalarını ciddi şəkildə pozur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı bu cür təxribatçı fəaliyyəti ilə “LifeNews” ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd siyasət yürüdür. Rusiya Federasiyası tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi dəstəklənir və tanınır.
“LifeNews” rəhbərliyində təmsil olunan erməni lobbi dairələrinin təsiri altında bu kimi təxribatçı və jurnalist etikasından kənar fəaliyyəti ilə Rusiya ictimaiyyətini aldatmaq, dost və qonşu dövlət kimi Azərbaycan və Rusiya əlaqələrinə xələl gətirmək məqsədi güdür.
Bu kanalın Azərbaycana qarşı sistematik xarakter daşıyan qərəzli fəaliyyəti barəsində Rusiya Federasiyasının müvafiq dövlət orqanlarına müraciət ediləcək. Ümid edirik ki, Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən “LifeNews”un bu cür təxribatçı və qanunazidd əməlləri barəsində lazımi tədbirlər görüləcək”.
FaktXəbər-in məlumatına görə, Rusiyanın “LifeNews” internet telekanalının əməkdaşı Yelizaveta Xramtsova Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər edib.
Jurnalist reportajı Dağlıq Qarabağın özünü müstəqil elan etməsinin 25 illiyi ilə əlaqədar hazırlayıb. O, Dağlıq Qarabağın dünya ictimaiyyəti tərəfindən de-yure tanınmadığını xatırladaraq reportajında bu əraziləri "de-fakto dövlət" adlandırıb: “Dağlıq Qarabağın sərhədində rəsmi Bakı ilə sərt şəkildə silahlı münaqişə davam edir. Sərhəd xətti mina sahələri ilə bürünüb. Dağlıq Qarabağ ordusunun əsgərlərinin əksəriyyəti 20 ildən çoxdur əlində silah öz respublikasını qoruyur. İlk dəfə Qarabağ Azərbaycanla Ermənistan arasında 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası qurulduqdan və əhalisinin əksəriyyəti ermənilər olan bu ərazini öz tərkibinə daxil etdikdən sonra mübahisəli əraziyə çevrilib. Münaqişə SSRİ-nin qurulması ilə bitib, süqutuna yaxın isə yenidən canlanıb”.
Reportajda müəllif Dağlıq Qarabağda sənayenin inkişafından danışaraq, hazırlanan məhsulların üzərinə “Ermənistanda hazırlanıb” etiketi yapışdırmaq üçün İrəvana göndərildiyini söyləyib. O, işğal altındakı torpaqlarda qızıl yataqlarının, tikinti materiallarının zənginliyindən də bəhs edib.