Devalvasiyadan sonra Azərbaycan bankalarının vəziyyəti
Azərbaycanlı ekspertlər hesab edirlər ki, bankların birləşməsi müəyyən güzəştlərlə həyata keçirilməlidir.
Bakı mətbuatı xəbər verir ki, devalvasiyadan sonra Azərbaycan Respublikası banklarının da durumu kritikdir. Artıq bəzi banklar filiallarını bağlayırlar. Ekspertlər isə ilin sonuna qədər əksər bankların bağlanacağının anonsunu verirlər. Həmçinin çıxış yolu kimi bankların birləşməsi də təklif edilir.
Faktxeber saytının məlumatına görə, ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında qeyd edib ki, problemin ciddiliyi hökumət tərəfindən diqqətə alınmalıdır: “Banklar birləşərkən tək aktivləri deyil, passivləri də birləşdirilir. Yəni ki, çox pis aktivləri olan, problemli kreditləri, xarici borcları olan bankların birləşməsinin əksinə, xeyri olmayacaq. Söhbət böyük və ayaqda duran bilən bankların kiçik bankları özünə birləşdirməsindən gedə bilər. Azərbaycanda da təəssüf ki, belə bank çox azdır, barmaqla sayılacaq qədər azdır. Ona görə də bankların bağlanması, tamamilə fəaliyyətini dayandırması da olacaq ”.
Ekspert Samir Əliyevin sözlərinə görə, ölkədə 40-dan artıq bank olsa da, bank sektorunun 90 faizdən çoxu 20-25 bankın payına düşür: “Bankların sayı yarıyadək azalmalıdır. Devalvasiya buna tələbatı gücləndirdi. Banklar birinci devalvasiyanın zərərindən çıxmadan ikincisi ilə üzləşdilər. Təkrar devalvasiya əksər bankların valyuta mövqeyini pozub, aktivlərini pisləşdirib və bank sektorunun zərərini artırıb. Birləşmə qaçılmazdır”.
Ekspert Vüqar Bayramov isə qeyd edib ki, ölkə iqtisadiyyatının həcmini nəzərə aldıqda, bankların sayı lazım olandan 1,5-2 dəfə çoxdur: “Bu amil likvidliyə təsir edir, onu azaldır. Banklar müştərilər qarşısında öhdəliklərini yüksək səviyyədə yerinə yetirə bilmirlər. Amma bankların birləşməsi inzibati yolla deyil, onları buna stimullaşdırmaqla, müəyyən güzəştlər vəd etməklə həyata keçirilməlidir”.
Əksər ekspertlərin fikrincə, indiki şəraitdə bankların birləşməsi getdikcə sürətlənəcək. Bankların birləşməsinin bazara müsbət təsir edəcəyi güman olunur. Bildirilir ki, bu, kreditlərin faiz dərəcələrinin aşağı düşməsinə də səbəb ola bilər. Mərkəzi Bank da ölkənin kommersiya banklarına birləşməyi tövsiyə edib. Bu məsələ baş direktor Rəşad Orucovun ötən il dekabrın sonunda bank rəhbərləri ilə keçirdiyi görüşdə müzakirə olunub.