Jurnalistin döyülərək öldürülməsi haqda izahat
Bakıda çıxan "Respublika" qəzetinin baş redaktor müavini Sabir Mustafayevin ölüm faktına görə, cinayət işi açılmayıb. Yasamal Rayon Prokurorluğu "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevin küçədə döyülərək öldürülməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.
Rayon Prokurorluğundan bildirilib ki, jurnalist S.Mustafayevin döyülərək öldürülməsi haqda sözlər əsassızdır və öz təsdiqini tapmayıb.
Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə düynasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib: "Onun döyülərək öldürülməsi yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb".
Qeyd edək ki, hadisə yanvarın 16-da Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. "Respublika" qəzetinin baş redaktor müavini Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb, dünyasını dəyişib. Onun qardaşı Səxavət Mustafayev təkid edir ki, 64 yaşlı qardaşı döyülərək öldürülüb.