Əzimov: Əsəd Suriyanın ərazi bütövlüyünün yeganə qarantıdır
-
Əsəd Suriyanın ərazi bütövlüyünün yeganə qarantıdır
Araz Əzimov: "Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır"
Virtualaz.org xəbər verir ki, َAzərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə verib. Bakının Suriya böhranında kimin tərəfində olmasından tutmuş manatın ucuzlaşmasına və Amal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə etməsinə qədər bir çox mövzularda suallara cavab verib.
Qəzetin əməkdaşı Jutta Sommerbauer-in götürdüyü həmin müsahibənin xülasəsini təqdim edirik:
- Azərbaycan Suriya müharibəsində kimin tərəfindədir?
- Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür.
Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi.
Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik.
- Bu məsələdə siz Türkiyə ilə razı deyilsiniz...
- Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə xaos daha da böyüyəcək.
- Neftin ucuzlaşmasına görə manat dollara nisbətdə dəyərdən düşdü, 2016-cı ilin büdcəsinə yenidən baxılacaq. Azərbaycan üçün “Qızıl İllər” arxada qaldımı?
- Xeyr. Bu böhran iqtisadi deyil, siyasidir. Onlar qiyməti aşağı salmaq üçün neft hasilatını artırırlar.
- Bəs belə vəziyyətdə siz necə yaşayacaqsınız?
- Azərbaycanda vəziyyət stabildir. Ötən il bir az gərginlik oldu. Lakin prezident İlham Əliyev son vaxtlar hökumətə bildirdi ki, nefti yaddan çıxarın! Qeyri-neft sektorunu inkişaf etdirin! Onsuz da ÜDM-in dörddə üçü neftdən kənar sahələrdə idi.
Hökumət addımlar atır. Sənaye və ixracyönümlü məhsulların istehsalı, regionlarda sənaye zonalarının yaradılması, Bakıya yükün azaldılması üçün regionlarda böyük sayda iş yerlərinin açılması istiqamətində işlər gedir. İlham Əliyev yerli hakimiyyətlərə xəbərdarlıq etdi ki, büdcəyə arxayın olmasınlar, onlar özləri vəsait cəlb etməlidir. Hətta vergilər aşağı salınıb və şirkətlərin qeydiyyatı sadələşdirilib. Qiymətlər kəskin artmayacaq. İndi Vyanada Bakıdan bahaçılıqdır. Və Bakıda Vyanadan daha yaxşı alış-veriş etmək olar.
- Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini necə qurur?
- Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil, çünki bu Ukrayna və Gürcüstan kimi ölkələrin istədiyi üzvlük istiqamətində addımdır. Biz bunu istəmirik. Müxtəlif ölkələrə eyni şeyi təklif etmək olmaz. Mən Aİ-nin indiki əsasda sonsuz genişlənməsinə inanmıram. Ona görə də, “Hamı üçün bir model” devizi işləmir.
Bizim konkret situasiyada öz üstünlüklərimiz var. Nə kimdənsə asılı deyilik, nə kiməsə ehtiyacımız var. Aİ də bizdə hər şeyi maliyyələşdirmir. Əgər siz axırda duş qəbul etməyəcəksinizsə, saunaya niyə gedirsiniz? Biz Aİ ilə partnyorluq istəyirik. Bizim xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd təqdim edib. Söhbət institusional partnyorluqdan gedir. İndi top Brüsseldədir. Fevralın sonunda Federika Mogerini Bakıya gələcək.
- Amal Kluniyə görə narahatsınız?
- İndi də Amal Kluni? Mən Corc Klunini yaxşı aktyor və rejissor hesab edirəm. Amal Kluni isə deyəsən, onun xanımıdır, hüquqşünasdır. O, Livan əsillidir, eşitmişəm ermənidir. O, kimi təmsil edir?
- O, Xədicə İsmayılı müdafiə edir, Strasburqda, insan haqları məhkəməsində...
- Amal Kluninin doğrudan da işi-gücü yoxmuş...
- Ancaq sizin ölkəniz gələcəkdə məhkəmədə bu işlə qarşılaşacaq.
- Amal Kluni yaxşı hüquqşünas deyil. O, ancaq buna görə məşhurdur ki, Corc Kluninin arvadıdır. Öz istedadını üzə çıxarmaq üçün daha yaxşı məşğuliyyət tapa bilərdi.