Azərbaycan Ordusunun 16 hərbçisi şəhid olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i213757-azərbaycan_ordusunun_16_hərbçisi_şəhid_olub
Azərbaycan Müdafiə Nazirliyi: “Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2016 06:31 Asia/Baku
  • Azərbaycan Ordusunun 16 hərbçisi şəhid olub
    Azərbaycan Ordusunun 16 hərbçisi şəhid olub

Azərbaycan Müdafiə Nazirliyi: “Aprelin 4-də axşam saatlarında və aprelin 5-nə keçən gecə ərzində bütün cəbhə boyu vəziyyət gərgin olaraq qalıb”.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəbhə xəttinin Xocavənd-Füzuli və Ağdərə-Tərtər istiqamətlərində itirilmiş mövqelərinin geri alınmasının heç bir nəticə vermədiyini anlayan Ermənistan tərəfi qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyinə görə, bu istiqamətdə düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Aprelin 4-də axşam saatlarında düşmənin müdafiə xəttində, mühəndis baxımdan hazırlanmış və dairəvi atəşətutma üçün səngərlərdə yerləşən 3 ədəd döyüş tankı heyətlə birlikdə atəş gücü vasitəsilə məhv edilib.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində yerləşən Azərbaycan hərbi birliyi də qarşı tərəfin atəş vasitəsilə Azərbaycan yaşayış məntəqələrinə ziyan vurmaq təhlükəsini minimallaşdırmaq məqsədilə erməni silahlı birləşmələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.

Ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.

Müdafiə Nazirliyi əlavə edib: Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından 16 nəfəri şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Hazırda cəbhədə əldə edilən əməliyyat üstünlüyünü saxlamaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri müvafiq tədbirlər həyata keçirirlər.