Məhbus ilahiyyatçının həyat yoldaşı Azərbaycan prezidentinə məktub yazdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i215524-məhbus_ilahiyyatçının_həyat_yoldaşı_azərbaycan_prezidentinə_məktub_yazdı
İlahiyyatçı Elşən Mustafayevin həyat yoldaşı Vüsalə Mustafayeva: “Ölkə Prezidentinə müraciət edərək ondan xahiş edirəm ki, həyat yoldaşım Elşən Mustafayevin həbsdən azad olunmasında bizə kömək etsin”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2016 10:31 Asia/Baku
  • Məhbus ilahiyyatçının həyat yoldaşı Azərbaycan prezidentinə məktub yazdı
    Məhbus ilahiyyatçının həyat yoldaşı Azərbaycan prezidentinə məktub yazdı

İlahiyyatçı Elşən Mustafayevin həyat yoldaşı Vüsalə Mustafayeva: “Ölkə Prezidentinə müraciət edərək ondan xahiş edirəm ki, həyat yoldaşım Elşən Mustafayevin həbsdən azad olunmasında bizə kömək etsin”

2014-cü ilin dekabrında həbs olunmuş ilahiyyatçı Elşən Mustafaoğlunun ailəsi ölkə başçısına müraciət edərək kömək istəyir. Bu barədə musavat.com-a ilahiyyatçının ailəsinin müraciəti daxil olub.

Hazırda DTX təcridxanasında saxlanılan ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafayevin həyat yoldaşı Vüsalə Mustafayeva media vasitəsilə ölkə Prezidentinə müraciət edərək həyat yoldaşının azad edilməsinə kömək göstərilməsini istəyir. Həyat yoldaşı yazır ki, ilk vaxtlar ailəsi Elşən Mustafaoğlunun həbsində hansısa anlaşılmaslığın rolunun olduğunu düşünüb. Bu səbəbdən də hadisənin ictimailəşdirilməsinə gərək duymayıb: “Həyat yoldaşımın günahsız olduğuna əmin olduğum üçün əvvəl bu anlaşılmazlığa tez bir zamanda aydınlıq gətiriləcəyinə və onun azad olunacağına inanırdım. Bu səbəbdən də bu barədə mətbuata da bir açıqlama vermək istəmirdim. Elşənin özü də dəfələrlə həbs müddətinin uzadılması üçün keçirilən məhkəmələrdə günahsız olduğunu və ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bildirib. Mən buradan ölkə Prezidentinə müraciət edərək ondan xahiş edirəm ki, həyat yoldaşım Elşən Mustafayevin həbsdən azad olunmasında bizə kömək etsin”.

Qeyd edək ki, ilahiyyatçı Elşən Mustafaoğlunun üç azyaşlı övladı var. Müraciətdə E.Mustafaoğlunun həbsindən sonra həyat yoldaşının xəstəliyinin bir az da şiddətləndiyi, ailənin durumunun yaxşı olmadığı bildirilir. Elşən Mustafayevin heç bir yaxın qohumu (ata, ana, qardaş və bacı) yoxdur.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsində çalışan ilahiyyatçı Elşən Mustafaoğlu 2014-cü ilin dekabrın ortalarında saxlanılıb. Əvvəlcə onun saxlanılması haqda mətbuata məlumat verilməsə də, sonradan onun dövlətə xəyanətdə ittiham olunduğu haqda məlumatlar yayıldı. Ancaq bu günə qədər onun vəkilinin kimliyi, barəsində aparılan istintaq işinin gedişatı haqda ictimaiyyətə hər hansı məlumat verilməyib.