Prezident Əliyev Rusiya ilə Azərbaycan arasında əlaqələrin dinamik şəkildə inkişafını vurğuladı
-
Prezident Əliyev Rusiya ilə Azərbaycan arasında əlaqələrin dinamik şəkildə inkişafını vurğuladı
Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavini ilə görüşdə deyib ki, ikitərəfli ticari-iqtisadi əlaqələr münasibətlərin vacib istiqamətlərindən birinə çevriləcək.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlət başçısı Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin Azərbaycan-Rusiya arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirib.
Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələrin kifayət qədər müsbət olduğunu deyən prezident İlham Əliyev bildirib ki, mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var. Əməkdaşlığımızın geniş spektrə malik olduğunu və ikitərəfli əlaqələrin bütün sahələrini, o cümlədən xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı ticari-iqtisadi əlaqələrin münasibətlərimizin vacib istiqamətlərindən birinə çevrildiyini deyib. Bu sahədə potensialın gələcəkdə daha da artırılacağına əminliyini bildirən prezident İlham Əliyev görülən işlərin nəticələrinin nəzərdə keçirilməsi və atılacaq addımların müəyyənləşdirilməsi baxımından bugünkü görüşün əhəmiyyətini qeyd edib.
D. Roqozin Azərbaycanla Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğulayıb.