Azərbaycan-İran birgə iqtisadiyyat forumu
-
Azərbaycan-İran birgə iqtisadiyyat forumu
Şimali Xorasan əyaləti iqtisadi heyətinin Azərbaycana olan səfərinin davamında çərşənbə axşamı Bakıda iki ölkənin birgə iqtisadiyyat forumu keçirilib.
İRNA-nın verdiyi məlumata görə, bu forumda İran və Azərbaycan arasında xüsusilə özəl sektorların əməkdaşlıqlarının genişləndirilməsi yolları araşdırılıb.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu forumda etdiyi çıxışında iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etməkdə olduğuna işarə edərək, iki ölkə başçıları arasında baş tutan görüşlərin əlaqələrin bütün sahələr üzrə inkişafına müsbət təsir buraxdığını deyib.
S.Məmmədov daha sonra İran və Azərbaycan arasında ticarət əlaqələrindəki 70%-lik artıma işarə edib və deyib: Azərbaycan və İranın şimal-cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi üzrə səyləri iki ölkə əlaqələrində yeni bir səhifə açıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin də bu forumda deyib: İki ölkə prezidentləri və yüksək səviyyəli rəsmilərinin əlaqələrin və iqtisadi əməkdaşlıqların inkişafı üzrə iradəsi özəl sektorun aktivləşdirilməsi üzərində təmərküzləşib.
M.Pakayin daha sonra Azərbaycan hökumətinin iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi üzrə gördüyü işləri o cümlədən viza rejiminin sadələşdirilməsi və bəzi gömrük rüsumlarının azaldılmasını yüksək qiymətləndirib.