Mövsüm Səmədov aclıq aksiyasını dayandırdı
AİP sədri aclıq aksiyasını dayandırıb.
FaktXeber.com-un verdiyi məlumata görə, Azərbaycan İslam Partiyasının həbsdə olan lideri, siyasi məhbus Mövsüm Səmədov 17 gün davam edən aclıq aksiyasını dayandırıb. Bu haqda onun vəkili Yalçın İmanov məlumat verib.Vəkil sentyabrın 15-də Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşüb.Vəkilin sözlərinə görə, M.Səmədov aclığı bu gün səhər saat 9 radələrində dayandırıb. Bu gün həmçinin Səmədovun cərimə təcridxanasında (karser) saxlanma müddəti başa çatdığından o, kameraya qaytarılıb.M.Səmədov avqust ayının 29-dan aclıq aksiyası keçirirdi. O, 26 sentyabrda keçiriləcək referenduma etiraz olaraq aclığa başlamışdı.Aclığa başladığına görə, avqustun 31-də 15 gün müddətinə karserə salınmışdı.Vəkil deyir ki, Səmədovun səhhətindəki ümumi halsızlıq hələ də davam edir: “Təzyiqi düşür, səhhətində problemlər var. Karserə salınandan 8-9 gün sonra Qırmızı Xaçın nümayəndələri Mövsüm Səmədova baş çəksələr də, hazırda heç bir həkim nəzarəti yoxdur”.