QMİ islamçıları etiraz aksiyalarına çağırmaqla bağlı bəyanat verib
-
QMİ islamçıları etiraz aksiyalarına çağırmaqla bağlı bəyanat verib
Azərbaycan Respublikası Qafqaz Müsəlmanları İdarəsi aksiyalara din xadimlərini cəlb etmək üzrə çağırışları dövlətçiliyə qarşı təxribat adlandırıb.
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: ”Ölkəmizin həyatında mühüm hadisə - referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, "Siyasi partiyalar haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlarına zidd olaraq ölkəmizdə sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalara din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndiririk. Konstitusion prinsiplərimizə zidd çağırışlarla bağlı tabeçiliyimizdə olan dini icmalar, din xadimlərimiz, yerlərdəki səlahiyyətli nümayəndələrimiz, qazılar, dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dini mərkəz olaraq dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik. “Dini etiqad azadlığı haqqında” qanunda təsbit olunub ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola, heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər. QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda göstərilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, idarənin Nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək".
QMİ-nin bəyanatı ilə yanaşı qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat partiyasının bu gün etiraz aksiyası keçirməsinə icazə verib.