İlham Əliyev: İran, Rusiya və Türkiyə ilə münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır
-
İlham Əliyev: İran, Rusiya və Türkiyə ilə münasibətlərimiz qarşılıqlı hörmətə əsaslanır
Azərbaycanın Rusiya, İran və Türkiyə ilə münasibətləri birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və milli maraqlarımıza əsaslanır. Trend-in məlumatına görə, Bunu fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Əliyev qeyd edib: “ Azərbaycan Fars imperiyasının, Rusiya imperiyasının, qismən Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Bu gün bu üç ölkə bizim birbaşa qonşularımızdır. Bu üç ölkə ilə bizim çox yaxşı münasibətlərimiz var. Bu münasibətlər birinci növbədə qarşılıqlı hörmət, daxili işlərimizə qarışmama və praqmatizmə, bizim milli maraqlarımıza əsaslanır. Buna görə də Azərbaycan üçün ən pis ssenari qonşularımız arasında hansısa bir pis hadisənin baş verməsidir. Məsələn, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi baş verdikdə və ya bu yaxınlarda qeyd etdiyiniz həmin hadisə zamanı olduğu kimi. Biz bunu regional sabitliyə ciddi bir təhlükə hesab edirik. Bizə sabitlik lazımdır”.
İlham Əliyev bildirib ki, Rusiya ilə Türkiyə arasında gərginlik çox ciddi geosiyasi bir risk idi və regionumuz üçün birbaşa risk idi. Bu iki ölkə bizim əsas iqtisadi tərəfdaşımız və qonşumuzdur. Əgər, onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək etmişiksə, düşünürəm ki, biz buna görə təqdir olunmalıyıq.
Azərbaycan Prezidenti əlavə edib: “Bizim siyasətimiz həmişə layihələr vasitəsilə əməkdaşlığa sərmayə yatırmaq idi. Bizim uzun illərdir ki, mövcud olan və çox səmərəli regional əməkdaşlıq formatımız da var. Bu, Azərbaycan, Gürcüstan və Türkiyədir. Biz birlikdə enerji, nəqliyyat və digər layihələri icra edirik və biz güclü müttəfiqlərik. Eyni zamanda, bu gün bizim digər regional əməkdaşlıq formatımız var. Bu, Azərbaycan, İran və Rusiyadır. Azərbaycan dünyada, eyni zamanda, İran və Rusiya ilə sərhədi olan yeganə ölkədir. Onlar ticarət, nəqliyyat, iqtisadi inkişaf və təhlükəsizliklə bağlı sahələrdə bizim təbii tərəfdaşlarımızdır. Buna görə də ümid edirəm, elə bir vaxt gələcək ki, biz bu mövcud regional əməkdaşlığı daha böyük əməkdaşlığa inteqrasiya edə biləcəyik və bu da bütün insanların xeyrinə olacaqdır. Bu, riskləri azaldacaq və əməkdaşlıq üçün daha çox imkanlar yaradacaqdır”.