7 iranlı yeniyetmə yunan-roma güləşçisi Bakı yarışlarının finalında
İranın 7 yeniyetmə yunan-roma güləşçisi bu gün yeniyetmələrin Azərbaycan Respublikası güləş federasiyasının kuboku üzrə yarışlarının yekun mərhələsinə çıxıb.
IRIB-nin Bakı ofisinin məlumatına görə, bu gün günortadan qabaq Səccad Abbaspur 42 kiloqram çəki dərəcəsində, Əmir Hoseyn Xansari 50 kiloqram çəki dərəcəsində, Omid Arami 54 kiloqram çəki dərəcəsində, Əli Kəbiri 69 kiloqram çəki dərəcəsində, Hamid Əbdoli 85 kiloqram çəki dərəcəsində, Seyyed Moctəba Hoseyni və Vəhid Dadxah- hər ikisi 100 kiloqram çəki dərəcəsində müxtəlif ölkələrdən olan rəqibləri ilə çətin görüşlərdən sonra yarışların final mərhələsinə vəsiqə qazanıblar.
Bu yarışlara göndərilmiş İran komandasının baş məşqçisi Seyyed Mostəfa Təbatəbai yarışların keyfiyyət səviyyəsini tanınmış ölkələrin nümayəndələrinin iştirakı baxımından son dərəcə yüksək adlandırıb və belə deyib: Bu, bizim Asiya yarışları üzrə fəaliyyətimizin başlanğıcıdır.
O, sonra deyib: Biz bu yarışlardan sonra dərhal Tehranda Həzrət İmam Xomeyni(r.ə.) Yadigarlarının Kuboku üzrə yarışlar keçirəcəyik. Sonra isə iyun-iyul aylarında Tailandda keçiriləcək Asiya yarışlarında iştirak üçün həmin ölkəyə yola düşəcəyik.
Bakıda keçirilən yarışların finalına vəsiqə qazanmış yeddi iranlı idmançı qızıl medal, 58 kiloqram çəki dərəcəsində güləşən Mehrdad Momenzade və 63 kiloqram çəki dərəcəsində yarışan Mostəfa Kayed Xorde isə bürünc medal qazanmaq üçün bu gün axşam öz rəqiblərilə görüşəcəklər.
Azərbaycan Respublikası güləş federasiyasının yeniyetmələrin yunan-roma güləşi üzrə yarışlarında İrandan on iki güləşçi on çəki dərəcəsində mübarizə aparır.
Bu yarışlar İran İslam Respublikası, Azərbaycan Respublikası, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan 122 yeniyetmə güləşçinin iştirakı ilə keçirilir.