Bakıda İƏT-in Korrupsiya ilə mübarizə iclası sona çatıb
Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclası iki gün davam etdikdən sonra bəyanatla öz işinə yekun vurub.
İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv on ölkənin korrupsiya ilə mübarizə təşkilatları rəhbərləri, ombudsmanları, beynəlxalq və regional rəsmilərin iştirakı ilə keçirilən bu iclasın yekun bəyanatında müştərək məqsədlərin əldə olunması üçün korrupsiya ilə mübarizədə ciddi əməkdaşlıq, ombudsmanın müxtəlif tabeliklərində ixtisasların gücləndirilməsi, korrupsiya ilə mübarizə sahəsində müştərək əməkdaşlıqların standartlarının inkişafının vacibliyinin rəsmən tanınması, korrupsiya ilə mübarizədə regional və beynəlxalq konfransların müsbət qarşılanması və bu sahədə təcrübələrin mübadiləsi vurğulanıb.
İran İslam Respublikasının Baş Təftiş İdarəsinin direktoru Nasir Sirac bu iclasın sonunda onun nailiyyətlərini müsbət qiymətləndirib: Xoşbəxtlikdən İƏT-ə üzv bütün ölkələr korrupsiya ilə mübarizə sahəsində ciddi iradəyə malik idilər və yekun bəyanat da çox yaxşı tənzimlənərək təsdiqləndi. Həmçinin Pakistan da bundan öncə İran, Əfqanıstan, Tacikistan tərəfindən imzalanan korrupsiya ilə mübarizə idarələrinin mərkəzi əməkdaşlıqları sənədini imzaladı. digər ölkələrdə qanunvericilik prosesindən sonra bu əməkdaşlıqlar mərkəzinin həmin ölkələrlə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlıqları genişlənəcəkdir.
O əlavə edib: İƏT-ə üzv on ölkənin əməkdaşlıqları ilə korrupsiya ilə mübarizə, xüsusilə də mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və çirkli pulların yuyulması ilə əlaqədar davamlı fəaliyyətlərimiz olacaqdır.
Bu iclasın təşkil olunduğu iki gün ərzində iştirakçılar korrupsiya ilə mübarizə yolları üzrə təcrübələri nəql etməklə bu prosesi araşdırıblar.
Azərbaycanın Baş Prokuroru yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev də İƏT-ə üzv ölkələrin əməkdaşlıqlarının inkişafında bu iclasın rolunu önəmli adlandırıb və onun daimi katibliyinin Tehranda fəaliyyət göstərdiyinə toxunub: İran İslam Respublikası da bu iclasda yaxşı səviyyədə iştirak etdi İranın Baş Təftiş İdarəsi direktorunun Azərbaycanın ədliyyə rəsmiləri ilə görüşlərində bu sahədə əməkdaşlıqların artırılması yolları araşdırıldı.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin və Ombudsmanlarının ilk iclası 2011-ci ildə Tehranda, 2012-ci ildə Tacikistanda keçirilib. İranın təşəbbüsü ilə keçirilən Tehran iclasında korrupsiya ilə mübarizə idarələrinin regional əməkdaşlıq mərkəzinin təşkil edilməsi İslam Şurası Məclisində təsdiqlənib və hazırda bu mərkəzin daimi katibliyi Tehrandadır.