Azərbaycanlı nazir Qarabağ münaqişəsinin həllini vurğuladı
-
Elmar Məmmədyarov
Azərbaycan Respublikası xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə əsasən həll edilməsini vurğulayıb.
İRNA-nın məlumatına görə, Elmar Məmmədyarov ötən gün Bakıda Avropa Şurasının siyasi və təhlükəsizlik komitəsinin heyəti ilə görüşdə, Dağlıq Qarqabağ münaqişəsinin həlli müzakirələri prosesi haqda məlumat verərək deyib: Bu münaqişə yalnız beynəlxalq dairələrin də rəsmən tanıdığı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Məmmədyarov əlavə edib: Ərazi bütövlüyü prinsipi və ölkələrin sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmaq beynəlxalq əlaqələrin əsas prinsiplərindəndir və bu önəmli prinsip Avropa Birliyinin qlobal strategiya sənədində də öz əksini tapıb.
Azərbaycan Respublikası və Ermənistan arasında Dağlıq Qarabağ üzərində münaqişə 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi qarşıdurmaya çevrilib.
Qarşıdurmalar nəticəsində Qarabağ və ətraf yeddi rayon erməni silahlı birləşmələrinin nəzarətinə keçib.
1994-cü il may ayından münaqişə tərəfləri arasında atəşkəs bərpa olunub. Bu münaqişənin həlli istiqamətində Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupunun vasitəçiliyi indiyə qədər bir nəticə verməmişdir.