Noy 20, 2017 18:54 Asia/Baku
  • Bakıda Azərbaycan və Rusiya XİN rəhbərləri görüşüblər
    Bakıda Azərbaycan və Rusiya XİN rəhbərləri görüşüblər

Rusiyanın xarici işlər naziri Bakıda azərbaycanlı həmkarı ilə görüşüb müxtəlif mövzular barədə danışıqlar aparıb.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, Bakı mediyaları bildiriblər ki, görüşdə 2017-ci ildə Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu bildirilib, iki dövlət arasında mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin inkişafında 3 iyul 2008-ci il tarixli “Dostluq və strateji əməkdaşlıq haqqında Bakı Bəyannaməsi”nin siyasi əhəmiyyəti qeyd edilib.

Nazirlər dialoqun ölkələr arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi vurğulanıb.

Nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına nəzər salıblar və perspektiv inkişaf istiqamətlərini müzakirə ediblər.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir ediblər.

Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığı bildiriblər.

Ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsində Hökumətlərarası birgə komissiyanın, XİN-lər arası siyasi məsləhətləşmə mexanizminin əhəmiyyəti vurğulanıb.

İki ölkə arasında ticarət dövriyyəsinin həcminin və ticarət əlaqələrinin genişlənməsində 2011-ci ildən keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmli rolu qeyd edilib. İki ölkənin birgə səyləri nəticəsində iqtisadi-ticarət əlaqələrinin inkişafı və ticarət dövriyyəsinin, qarşılıqlı turist axınının artması xüsusi qeyd olunub.

Azərbaycan-Rusiya-İran formatında üçtərəfli əsasda əməkdaşlığın inkişaf etməsi və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində olan birgə tədbirlər yüksək qiymətləndirilib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu, müqavilə-hüquq bazasının genişləndirilməsi, eyni zamanda regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi də aparılıb.

Görüşün sonunda XİN başçıları müxbirlərin sualarını cavablandırıblar. 

Baki mediyalarının bildirdiklərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov BMT-nin Qarabağ münaqişəsi barədə qətnamələrinin müzakirə edildiyini bildirərək deyib: "Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur. Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir".

S. Lavrov qeyd edib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.

Rusiyanın xarici işlər naziri O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub: “Bu və digər elementi çıxarmaq mümkün olmur. Əks tərəf düşünə bilir ki, tarazlıq pozulur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.

S. Lavrov jurnalistin ATƏT-in Minsk qrupu həmsədrlərinin sayının artırılması ehtimalı barədə sualına cavabında bunu ilk dəfədir eşitdiyini söyləyib: “Münaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Üç həmsədr təcrid olunmuş şəkildə işləmir. Minsk qrupunda həll prosesi ilə maraqlanan tərəflər də mövcuddur. Minsk qrupu həmsədrlərinin sayının artırılması haqda ilk dəfədir sizdən eşidirəm. Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”.

Mətbuat konfransında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov isə deyib: "Köhnə və yeni ideyaların hamısı masa üzərindədir. Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu".

Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", - deyə nazir qeyd edib.

"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır"- deyən Elmar Məmmədyarov bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir.

"Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik", - deyə nazir vurğulayıb.

 

Teqlər