"İslam Həmrəyliyi - 2017" beynəlxalq konfransı Bakıda öz işini başa vurdu
-
"İslam Həmrəyliyi - 2017" beynəlxalq konfransı Bakıda öz işini başa vurdu
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən "İslam Həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" beynəlxalq konfransı başa çatdı. Bağlanış mərasimində İran İslam Respublikası Prezident Administrasiyasının başçısı da iştirak edib.
İRİB-nin verdiyi məlumata görə, bu beynəlxalq konfrans Azərbaycan prezidenti İlham Əliyevin çıxışı habelə, İran, Türkiyə və Özbəkistan prezidentləri və Rusiyanın baş yepiskopunun müraciətlərinin qiraət olunması ilə işə başlamışdı. Konfransın davamında İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi çıxış edərək, İslamı məhəbbət, rəhmət, mehribanlıq və insanlıq dini adlandırıb.
Vaizi həmçinin deyib: Təəssüflər olsun ki, dünyanın bu günkü siyasi durumunda müsəlmanlar arasında birlik və həmrəyliyin ciddi maneələr ilə yanaşı olduğunu görürük. Bu maneələrin bir çoxu düşmənlərin çirkin niyyətlərindən qaynaqlanır. Onlar, müsəlmanlar arasındakı birliyi öz maraqlarına qarşı hesab edirlər. Maneələrin bir hissəsi isə İslam Ümməti arasındakı ixtilaflara qayıdır.
İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri həmçinin deyib: Biz inanırıq ki, əgər müsəlmanlar arasında birlik, həmrəylik və yekdillik olarsa, dünya qüdrətləri heç vaxt müsəlmanların birinci qibləsinə hörmətsizliyə cürət etməzlər. Əgər, İslam ölkələri dövlət və xalq səviyyəsində birlik və qardaşlıq yolunda addımlayarsa, İslam ölkələrinə qarşı bu qədər zülm və zorakılıqların, müsəlmanların didərgin salınmasının şahidi olmarıq. Əgər, müsəlmanlar İslam dininin həqiqətlərini dünyaya tanıtdırarlarsa, o zaman İŞİD kimi təkfirçi terrorçu qruplaşmalar özlərini İslam maarifinin carçısı olaraq qələmə və gəncləri aldada bilməzlər. Bu qruplaşmalar İslam dininə inanmırlar. Onlar sadəcə İslam Ümmətinin düşmənləri, sionistlər və bəzi böyük qüdrətlər tərəfindən İslam dininə zərbə vurmaq üçün yaradılıblar.
Vaizi daha sonra deyib: Artıq hamıya aydın olmalıdır ki, Amerika İslam ölkələri arasında ixtilaf törətməyə çalışır. ABŞ-ın sionist rejimin qeyri-qanuni maraqlarını təmin etməkdən başqa bir məqsədi yoxdur.
O, ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına və Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar qəbul etməsinə, BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın Qüdslə bağlı qətnaməni veto etməsinə işarə edərək, bütün bunları Amerikanın anti-İslam və anti-Fələstin siyasətinin nişanəsi adlandırıb.
"İslam Həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" konfransı Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilmiş 2017-ci ilin başa çatması münasibəti ilə keçirilib. Konfransda dünyanın 40 ölkəsindən gəlmiş 300-ə yaxın tanınmış dini və ictimai xadim iştirak edib. Konfrans Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilib.