Azərbaycanda terror planlaşdıran dini ekstremist birliyin üzvləri məhv edilib
Azərbaycanda dini ekstremist cinayətkar dəstənin 2 üzvü öldürülərək, zərərsizləşdirilib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam edən əməliyyat tədbirləri zamanı beynəlxalq terror təşkilatının tabeçiliyində Məmmədov Sabir Ərulla oğlu və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyənləşdirilib.
APA-nın verdiyi məlumata görə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 6 mart 2018-ci il tarixdə cinayətkar birliyin üzvlərindən - Məmmədov Sabir Ərulla oğlu və Səlimov Tərlan Səfər oğlunun Xaçmaz rayonu ərazisində tərksilah olunmaları və cinayət məsuliyyətinə cəlb edilmələri üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncular təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb silahlı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Sabir Məmmədov və Tərlan Səlimov məhv ediliblər.
Hadisə yerindən kustar üsulla hazırlanmış partlayıcı qurğu və partlayıcı maddələr, müxtəlif təyinatlı silah-sursat aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir.