Bakıda müxalifətin növbəti mitinqi keçirilib
-
Bakıda müxalifətin növbəti mitinqi keçirilib
Bu gün Bakıda – "Məhsul" stadionunda Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqin əsas tələbləri bunlar olub: “Azad seçki!”, “Monarxiyaya son!”, “Korrupsiyaya yox!”.
Mitinqdə həmçinin “Erməni terrorunu lənətləyirik!” şüarı səsləndirilib və beynəlxalq birlikdən Ermənistanın Azərbaycana qarşı təcavüzünə, soyqırım aktlarına qiymət verilməsi tələb olunub.
İlk çıxışı AXCP sədri Əli Kərimli edib. O, çıxışında əvvəlcə 31 mart soyqrımından danışıb, erməni terrorunu lənətləyib, dünyanı erməni terroruna göz yummaqda ittiham edib.
AXCP sədri1918-ci ilin mart qırğınından danışarkən deyib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: “Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.
Əli Kərimli çıxışında həmçinin ölkədə 160 civarında siyasi məhbusun olduğunu deyib: “Onlar bu milləti sevən insanlardır”.
1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələri Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törədib. Bu il həmin hadisələrin 100 illiyi ilə bağlı Azərbaycanda rəsmi və qeyri rəsmi anım mərasimlərinin keçirilməsi planlaşdırılıb.