Gəncə iğtişaşlarında iki polis zabiti ölüb
İyulun 10-da axşam saatlarında Gəncənin mərkəzində etiraz aksiyasına çıxan bir qrup şəxslə polis arasında qarşıdurma baş verib.
Azərbaycan Respublikası mətbuatı xəbər verir ki, aksiya Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd təşkil etmiş Yunus Səfərova dəstək məqsədi ilə keçirilib.
APA-nin xəbərinə görə, aksiyada təxminən 200-ə yaxın etirazçı iştirak edib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin(DİN) mətbuat xidməti Gəncədə baş verən iğtişaşlarla bağlı məlumat yayıb.
Bu məlumata görə, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, aksiya keçirməyə cəhd göstərib.
"İslamin Sesi" qəzeti bildirir ki, DİN-dən daxil olan məlumata görə, polis məmurlarının həyata keçirdikləri tədbirlərlə onların 40 nəfəri tutularaq, Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları isə ərazini tərk ediblər.
İki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov etirazçılarla toqquşmada həyatlarını itiriblər.
İyulun 9-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi icra başçısı Elmar Vəliyevin yaralanması ilə bağlı 12 nəfərin həbs edildiyini bildirib.