Heydər Əliyevin ölümündən 16 il keçir
https://azeri.sahartv.ir/news/azərbaycan-i353980-heydər_Əliyevin_ölümündən_16_il_keçir
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda atası, keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 13, 2019 05:51 Asia/Baku
  • Heydər Əliyevin ölümündən 16 il keçir
    Heydər Əliyevin ölümündən 16 il keçir

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda atası, keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edib.

AZƏRTAC-ın xəbərinə görə, deputatlar, nazirlər, komitələrin, şirkətlərin, ayrı-ayrı idarələrin rəhbərləri və ictimaiyyətinin bəzi nümayəndələri də Fəxri xiyabana gəliblər. Onlar da məzarı ziyarət edirlər.

2003-cü il dekabrın 12-də 80-yaşlı Heydər Əliyevin ABŞ-ın Ohayo ştatındakı Klivlend xəstəxanasında vəfat etməsi barədə rəsmi məlumat yayılıb.

2003-cü il avqustun 4-də, H.Əliyevin sərəncamı əsasında Milli Məclis onun oğlu İlham Əliyevin Baş nazir təyin olunmasını təsdiq edib. Müxalifət bunu hakimiyyətin varis planı əsasında atadan oğula ötürülməsi adlandırırdı.

Hələ, 2002-ci ildə keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklərdən sonra prezident öz səlahiyyətlərini icra edə bilmədiyi təqdirdə onun səlahiyyətləri Baş nazirə keçir.

Buna qədər isə səlahiyyətlər parlament sədrinə keçməli idi.

Heydər Əliyevin həyatından qısa seçmələr...

H.Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində doğulub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri (1967-1969), 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

1982-ci ilin dekabrında SSRİ rəhbərliyinə aparılaraq, Sovet İttifaqi Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir.

H.Əliyev 1987-ci ilin oktyabrında vəzifədən azad edilərək siyasi fəaliyyətdən kənarlaşdırılır.

1990-cı ilin iyulunda Moskvadan Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayır, həmin ildə Azərbaycan Ali Sovetinə deputat seçilir.

O, 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Soveti sədrinin müavini olub.

1993-cü ildə Gəncədə hakimiyyətə silahlı itaətsizlikdən sonra H.Əliyevi prezident Əbülfəz Elçibəy Bakıya dəvət edir. O, 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilir. İyulun 24-dən isə Milli Məclisin qərarı ilə ölkə prezidentinin səlahiyyətlərini icra edir. 1993-cü və 1998-ci illərdə prezident seçkilərindən qalib çıxır.