Azərbaycan Respublikasında yaranan internet probleminin səbəbləri açıqlanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i360819-azərbaycan_respublikasında_yaranan_internet_probleminin_səbəbləri_açıqlanıb
Günel Gözəlova: Respublika ərazisində yaranan internet probleminə səbəb ölkəyə internet gətirən kommersiya provayderi ilə bağlıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 22, 2020 10:19 Asia/Baku
  • Azərbaycan Respublikasında yaranan internet probleminin səbəbləri açıqlanıb

Günel Gözəlova: Respublika ərazisində yaranan internet probleminə səbəb ölkəyə internet gətirən kommersiya provayderi ilə bağlıdır.

APA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlovaya istinadən bildirib: ​“İnternet təchizatında yaranan problemin səbəbi ilə əlaqədar paytaxt və regionlarda yerləşən hər hansı elektron ATS-in xidmət ərazisində təmir və ya qazıntı işləri ilə bağlı kabel zədələnməsinin olması, bu səbəbdən də internet probleminin qeydə alınması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”.

Onun sözlərinə görə, respublika ərazisində yaranan internet probleminə səbəb ölkəyə internet gətirən kommersiya provayderi ilə bağlıdır.

“Ölkə ərazisində COVİD-19 virusu ilə əlaqədar tətbiq edilən karantin rejimində bir çox şirkət işini onlayn rejimdə davam etdirir. Eləcə də, təhsil sistemində dərslər onlayn qaydada həyata keçirilir. Bununla əlaqədar, genişzolaqlı internet şəbəkəsində əhəmiyyətli dərəcədə yüklənmə var. Bəzən internetlə əlaqəli vətəndaşın seçdiyi qurğu və evində yerləşdirdiyi cihaz bu günlərdə artan tələblərə cavab vermir”, - deyə G. Gözəlova qeyd edib.

“Delta Telecom” Milli Telekommunikasiya Operatorunun baş direktoru Ramazan Vəliyev isə  APA-ya acılamasında bildirib ki, hazırda internetlə yaşanan problem “Aztelekom” dövlət operatorunun internet şəbəkəsində olan konfiqurasiya problemi ilə əlaqədardır ki, onun aradan qaldırılmasına “Juniper Networks” və “Delta Telecom” şirkətlərinin mütəxəssisləri cəlb olunub.

Onun sözlərinə görə, ötən gün saat 21.00 radələrində Bakı ərazisində, Heydər Əliyev Mərkəzinin yanında zədələnən kabel bərpa olunub.