Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib
Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA-nın verdiyi məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, dünən Azərbaycan Respublikasının bəzi mediyaları Biləsuvar rayonu icra başçısı Mahir Quliyevin vəzifə başında həbs edilməsindən xəbər vermişdilər.
Həmin məlumatlara görə , əməliyyat karantin rejimi ilə əlaqədar əhaliyə yönəlmiş dövlət dəstəyinin, yardımların mənimsənilməsi ilə bağlı keçirilib. Bununla bağlı çoxsaylı, əsaslı şikayətlər olub.
Biləsuvar rayonu icra başçısının vəzifə başında həbs edilməsi barədə yayılan qeyri-rəsmi məlumatlarda qeyd olunur ki, Əməliyyat zamanı icra başçısı Mahir Quliyevlə yanaşı, birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, Mərkəzi Xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, Biləsuvar Məşğulluq Xidmətinin rəisi Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov saxlanılıb.