May 12, 2020 17:02 Asia/Baku
  • Azərbaycan Ombudsmanı ermənistanlı həmkarının görüş təklifinə münasibət bildirib

Azərbaycan Ombudsmanı Ermənistanın ombudsmanının Azərbaycanın tarixi torpaqlarında insan hüquqlarının qorunması məsələsi ilə bağlı müzakirə təklifinə münasibət bildirərkən bunu bəşəriyyətə qarşı təhqir, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti bir cəhd adlandırıb.

SaharAzeri APA-ya istinadən bildirir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Ombudsmanının azərbaycanlı həmkarı ilə görüşməyə hazır olması və Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu barədə fikrinə münasibət bildirərkən deyib:" bu açıqlama faktiki olaraq beynəlxalq hüquq normalarına böyük sayğısızlıq, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması və separatizmin dəstəklənməsidir:

Müvəkkil Səbinə Əliyeva əlavə edib ki, Ermənistanın müvəkkili insan hüquqlarının  müdafiəsi məsələsini müzakirəyə çıxarmaq istəyirsə, əvvəlcə BMT-nin 822, 853, 874 və 884 saylı dörd qətnaməsi dərhal və qeyd-şərtsiz yerinə yetirilməli, təcavüzkar ölkənin silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlar:  Belə olan halda, Ermənistanın ombudsmanının Azərbaycanın tarixi torpaqlarında insan hüquqlarının qorunması məsələsi ilə bağlı müzakirələrdən danışması cəfəngiyyat olmaqla yanaşı, bəşəriyyətə qarşı təhqir, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti bir cəhddir”.

Ermənistan Ombudsmanının Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu haqda fikrə münasibət bildirən müvəkkil vurğulayıb ki, qondarma “Dağlıq Qarabağ respublikası” işğal və terror məhsulu olan separatçı qurumdur: “Onun hüquqi statusu yoxdur, beynəlxalq səviyyədə tanınmır. 

Müvəkkil nəzərə çatdırıb ki, işğal faktı aradan qaldırıldıqdan və soydaşlarımızın bütün fundamental hüquqları bərpa edildikdən sonra Ermənistanın Ombudsmanı ilə insan hüquqları ilə əlaqədar müzakirələr apara bilər. 

 

Teqlər