Azərbaycanda korrupsioner məmurlara qarşı yeni həbs dalğası başlanırmı?
https://azeri.sahartv.ir/news/azərbaycan-i362889-azərbaycanda_korrupsioner_məmurlara_qarşı_yeni_həbs_dalğası_başlanırmı
Azərbaycan dövlət başçısının məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacağını bildirməsi anti-korrupsiya əməliyyatlarının yeni dalğasının anonsu kimi qiymətləndirlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 11:09 Asia/Baku
  • Azərbaycanda korrupsioner məmurlara qarşı yeni həbs dalğası başlanırmı?

Azərbaycan dövlət başçısının məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacağını bildirməsi anti-korrupsiya əməliyyatlarının yeni dalğasının anonsu kimi qiymətləndirlib.

SaharAzeri xəbər verir, İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: “Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.

 

Dövlət başçısının məmurlara yönəlik bu fikirləri məmurlara mesaj kimi qəbul olunur. Növbəti məmur həbslərinin əslində anonsunun verildiyi qeyd edilir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük məmnuniyyətlə qarşılanıb və ictimaiyyət bu mübarizənin davam etməsini istəyr.

Prezident Əliyev ötən il dekabrın 23-də yerli jurnalistlərlə müsahibədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndiriləcəyini vəd etmişdi. Həmin müsahibədə dövlət başçısı həbs edilən icra başçılarının dövlət hesabına ictimai işlərə cəlb edilən işsizlərin maaş kartlarını ələ keçirib pulları mənimsəməsini xüsusilə dəhşətli hadisə adlandırmışdı.

“Buna nə ad vermək olar? Bu vicdansızlıqdır. Yaxşı, xalqdan qorxmursansa Allahdan qorx. Belə şey etmək olarmı? Bu, məmurun mənəvi deqradasiyasıdır, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar ölkəmizə ləkədir, xalqımıza, iqtidara  ləkədir. Ona görə də belə hallara qarşı daha ciddi mübarizə aparılacaq”,-deyə İlham Əliyev bildirmişdi.

Azərbaycan rəhbərliyi hesab edir ki, korrupsiya halları keçmişdən yəni Sovet dönəmindən qalan acı mirasdır. Bu bəlaya qarşı təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar mübarizə aparmalıdırlar və ictimai nəzarət daha da güclü olmalıdır.

Dünya praktikası göstərir ki, ictimai nəzarət hər bir cəmiyyətdə ümumiyyətlə məqsədəuyğun addımlardan biridir. Doğrudur, ictimai nəzarət qanunsuzluqların qarşısını alacaq yeganə mexanizm deyil, ancaq haqsızlıqların, qanunsuzluqların dərəcəsini, miqyasını azalda, kimlərisə ehtiyatlı olmağa sövq edə bilir.