Hikmət Hacıyev: “Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası Qarabağ danışıqlarına vurulmuş ağır zərbədir”
“Ermənistan özünün yeni Milli Təhlükəsizlik Strategiyasında bir neçə dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipinə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyin etmə hüququ qeyri-şərtsiz tanınmalıdır”.
SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistan işğal faktını öz müqəddəratını təyin etmə prinsipi ilə ört-basdır etməyə çalışır: “Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bu öz müqəddəratını təyin etmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyin etmə hüququnun tanınmasını tələb edən və bu qanunsuz rejimi “azad ölkə” kimi tanıyan bu strategiya sənədi özü-özlüyündə Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır bir zərbədir. Hesab edirəm ki, həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir”