Rusiyanın Ermanistana silah tədarükü Bakıda ciddi narahatlıqla qarşılanır
https://azeri.sahartv.ir/news/azərbaycan-i366957-rusiyanın_ermanistana_silah_tədarükü_bakıda_ciddi_narahatlıqla_qarşılanır
Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana Rusiya tərəfindən silah tədarük edilməsi Bakıda narazılıqlara səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 07, 2020 03:54 Asia/Baku
  • Rusiyanın Ermanistana silah tədarükü Bakıda ciddi narahatlıqla qarşılanır

Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistana Rusiya tərəfindən silah tədarük edilməsi Bakıda narazılıqlara səbəb olub.

Səhər Azəri bildirir ki, iyul döyüşləri zamanı və ondan sonra Rusiyadan Ermənistana ümumilikdə 9 uçuş həyata keçirilib. Son günlərdə isə Rusiyadan Ermənistan istiqamətdə uçuşların sayında artım müşahidə olunur. Nəticədə Rusiyadan Ermənistana “İL-76” təyyarələri vasitəsilə 510 tondan çox hərbi yükün tədarük edildiyi qeydə alınıb.

Bunun ardınca Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı iyul döyüşləri fonunda Moskvanın İrəvana hərbi texnika tədarük etməsindən narahat olduğunu bildirib. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 25-də “Dəniz Kuboku” beynəlxalq müsabiqəsinin açılış mərasimində iştirak etmək üçün Azərbaycana işgüzar səfər edib. O, silah tədarükü ilə bağlı şübhələrdən danışarkən deyib ki, əslində, Rusiyadan Ermənistana Gümrüdəki 102-ci hərbi bazadakı tikinti işlərilə əlaqədar inşaat materialları daşınır. Lakin Şoyqunun bu izahı Azərbaycan rəhbərliyini qane etməyib. Azərbaycan Respublikası Prezident Administrasiyasında Xarici siyasət məsələləri şöbəsinə rəhbərlik edən Hikmət Hacıyev bildirib ki, “Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.

Milli İstiqlal Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev mediaya açıqlamasında Ermənistana yeni silah tədarükünü həmin dövlətin növbəti təxribata hazırlaşmasının müqəddiməsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Ermənistana yüzlərlə ton silahın göndərilməsi və Nikol Paşinyanın Xocalıya getməsi Ermənistanın yeni təxribata hazırlaşdığını göstərir.

Əlbəttə bir şey məlumdur ki, Moskvadan İrəvana silah tədarükü bu iki ölkə arasında mövcud strateji hərbi əməkdaşlıq fonunda həyata keçirilir. Rusiyanın Ermənistanın Gümrü şəhərində 102-ci hərbi bazasının, İrəvanda isə aviasiya bazasının yerləşdiyini qeyd etmək yerinə düşər. Ermənistan hər zaman Rusiyanın hərbi dəstəyinə arxalanır. Moskva İrəvana dəfələrlə pulsuz silah, həmçinin “İskəndər” raket kompleksi göndərib.

Azərbaycanda deyilir ki, Moskvanın hərbi dəstəyi olmasaydı, İrəvan Azərbaycan ərazilərini işğal altında saxlaya bilməzdi.

Digər ekspertlər isə düşünür ki, Moskva İrəvanla Bakını müharibə vəziyyətində saxlamaqla onların üzərində, nəticə etibarı ilə bütünlükdə regional məsələlərə nəzarətini davam etdirməyə çalışır.