Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb
Ceyhun Bayramovun Baş katibə ünvanladığı məktub BMT sənədi kimi yayılıb.
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun bu ilin 31 avqust tarixində Ermənistanın aqressiv ritorikası və Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətinə dair BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunaraq yayılıb.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məktubda Xarici İşlər naziri bu ilin 12-16 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində silahlı hücum cəhdi nəticəsində siyasi və hərbi məqsədlərinə nail olmayan Ermənistanın son dərəcə təxribatçı bəyanatları və fəaliyyəti ilə təcavüzkar siyasətini davam etdirdiyinə diqqəti yönəldir.
Ceyhun Bayramov BMT Baş katibini Ermənistanı aqressiv təxribatçı ritorikadan çəkindirmək, işğal olunmuş ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlik fəaliyyətlərini dayandırmaq, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrini çıxarmaqla beynəlxalq hüquq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün bütün lazımi addımları atmağa çağırır.