Ermənistan baş nazirinin qeyri konstruktiv açıqlamalarına reaksiya olaraq
Lavrov: "Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir"
"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz dəstəyini verir və bu sahədə səylərini əsirgəmir".
Səhər Azəri bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdə deyib: "Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.