Hikmət Hacıyev bildirib;
Ermənistanın işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşdırma siyasəti üzə çıxıb
Hikmət Hacıyev bildirib: "Ermənistan həmişə işğala əsaslanan status-kvonu möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək siyasəti həyata keçirib. Bu məqsədlə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti aparılıb".
SəhərAzəri xəbər verir, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri açıqlamasında bildirib: "Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozub və müharibə cinayətləri törədib".
Azərbaycan Respublikası Prezidentin köməkçisi qeyd edib ki, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərimizə göndərilmiş fakt araşdırıcı missiyaları da Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətini təsdiqləyib: "Missiyanın hazırladığı hesabatda qeyd olunub ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırmanın aparılması münaqişənin həllinə ziyan vurur və onun qarşısı alınmalıdır. Bu ilin sentyabr ayında Şuşa şəhərinə Livandan olan erməni əsilli ailənin yerləşdirilməsi erməni kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə ətraflı şəkildə işıqlandırılmışdır. Bu günlərdə “BBC”-nin rus bölməsi tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz köçürülmüş 300 nəfər Livan ermənisinin yaşadığı qəsəbə haqqında reportaj hazırlanmışdır"- deyə Hikmət Hacıyev bildirib.