İyul 01, 2021 10:44 Asia/Baku
  • ŞOK: Cəlal Əliyevin qızı və kürəkəni çirkli pulların yuyulmasında ittiham olunurlar

Londonda Azərbaycan Milli Məclisinin keçmiş üzvü Cəlal Əliyevin qızı və kürəkəni 17 milyon dollarlıq cinayətdə ittiham edilir

SəhərAzəri-nin məlumatına əsasən, bu ilin may ayında Britaniyada bir azərbaycanlı ər-arvadın "Azərbaycanın pulyuyan maşını" kimi tanınan sxemlə həmin ölkəyə azı 17 milyon dollar “çirkli pul” daxil etməsilə bağlı məhkəmə keçirilib. Məhkəmə zamanı ər-arvadın kimliyi gizli saxlanılmışdı. Amma artıq onların kimliyi bəllidir.

Britaniyanın "Evening Standard" qəzeti xəbər verir ki, ittiham olunan bu şəxslər Azərbaycan prezidentinin əmisi Cəlal Əliyevin qızı İzzət Cavadova və onun həyat yoldaşı, Energetika nazirinin müavini Gülməmməd Cavadovun oğlu Süleyman Cavadovdur.

41 yaşlı İzzət Cavadova bir neçə şirkət qeydiyyatdan keçirib və bu şirkətlərin adından istifadə edərək Azərbaycandan çıxardığı çirkli pulları yumaqla məşğul olub.

2018-ci ildə isə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın da oğurluq pulları məhz Londonda leqallaşdırmağa çalışdığı təsbit edilmişdi.

O vaxt xanım Hacıyeva Britaniyanın Milli Cinayət Agentliyi tərəfindən qanunsuz yolla əldə edilmiş pulların leqallaşdırılmasına qarşı qanun çərçivəsində həbs edildi və qeyri-qanuni yolla Azərbaycandan çıxarılan pulların mənimsənilməsində günahlandırılıdı.

İstintaqın ardınca Zamirə Hacıyevanın 15 milyon funt sterlinqlik malikanəsi, 11 milyon funt sterlinq dəyərində qolf klubu, təxminən 50 milyon dollarlıq zinət əşyaları və şəxsi təyyarəsi müsadirə edildi.

İttiham aktında bildirilir ki, Zamirə Hacıyeva 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Beynəlxalq Bankından 97 milyon ABŞ dolları oğurlamaqla məşğul olan 37 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrupun üzvü olub.

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır.

Bu xüsusda dövlət komissiyası yaradılsa və bir neçə iri ranqlı məmur həbs edilsə də, hələlik ölkə ortada rəhbərliyini və ictimaiyyəti qane edəcək qədər nəticə yoxdur.

 

Teqlər