BMT tribunasından
İlham Əliyev BMT TŞ və Minsk Qrupunu tənqid etdi
Azərbaycan Respublikası prezidenit İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda etdiyi çıxışında bu təşkilatı ikili standartlarda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən,“BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir.”- deyən İlham Əliyev Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac olduğunu bildirib.
Azərbaycan Respublikası prezidenti çıxışının başqa hissəsində Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsindən öncə işğal faktına dinc yolla son qoyulmamasının səbəbini ATƏT-in Minsk qrupu eləcə də BMT Təhlükəsilzik Şurasının qətiyyətli olmamaları ilə izah edib:
“ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.”,- deyə İlham Əliyev çıxışında bildirib.
Azərbaycan Respublikası prezidenti bird aha BMT TŞ-nin məsuliyyətsizliyinə eyham vuraraq deyib:
“Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Qərb dövlət rəsmiləri və qurumlarının tez-tez Dağlıq Qarabağ münaqişəsinin həllinə və Dağlıq Qarabağa statusa çağırışlarına cavab olaraq isə İlham Əliyev artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin olmadığını vurğulayıb:
“Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram.”